Avropa İttifaqı bloka qaz tədarükünün artırılması potensialı barədə Azərbaycanla danışıqlar aparır.
"Unikal" xəbər verir ki, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson bu gün Fransada keçirilən Aİ-nin Enerji Şurasının qeyri-formal görüşündən sonra bildirib.
Kadri Simson Avropaya qaz tədarükünün artırılması yollarını müzakirə etmək üçün fevralda Azərbaycanda və Vaşinqtonda keçiriləcək konfranslarda iştirak edəcəyini deyib.
"Danışıqları davam etdirmək üçün fevralın 4-də mən Azərbaycanda keçiriləcək Cənub Qaz Dəhlizinin Nazirlər səviyyəsində iclasında, fevralın 7-də isə Vaşinqtonda Aİ-ABŞ Enerji Şurasının iclasında iştirak edəcəyəm", Avropa Komissarı deyib.
"Aİ-də qaz anbarlarının səviyyəsi hazırda həmişəkindən əhəmiyyətli dərəcədə aşağıdır", o deyib.
Qeyri-formal iclasda qaz bazarında Ukrayna böhranının səbəb olduğu qeyri-müəyyənlik və son aylarda Rusiyadan gələn qaz axının əhəmiyyətli dərəcədə azalması müzakirə olunub.
"Mənim mesajım odur ki, Avropanın güclü, yaxşı şaxələndirilmiş və dayanıqlı qaz infrastrukturu və fövqəladə hallar zamanı həmrəylik prosedurları var. Lakin biz son dərəcə diqqətli olmalı, risklərə hazırlığımızı artırmalı və üzv dövlətlər arasında həmrəyliyi gücləndirməliyik", - Avropa komissarı vurğulayıb.