Çin Xalq Respublikasının Sədri Prezidenti Si Cinpin fevralın 4-dən 6-dək “Pekin-2022” Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, Si Cinpin açılış mərasimində iştirak edəcək xarici dövlət və hökumət başçıları, kral ailələrinin üzvləri və beynəlxalq təşkilatların rəhbərləri üçün ziyafət təşkil edəcək.
Açılış mərasimində iştirak edəcək qonaqlar arasında Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Rahmon, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Misir Prezidenti Əbdül Fəttah əs-Sisi, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salman, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani, Polşa Prezidenti Andjey Duda, Serbiya Prezidenti Aleksander Vuçiç, Pakistanın Baş naziri İmran Xan, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Bax, BMT-nin Baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının Prezidenti Abdulla Şahid, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus və digər dövlət və hökumət rəsmiləri var.
Azərbaycanı isə Baş nazirin müavini Əli Əhmədov təmsil edəcək.
Xatırladaq ki, “Pekin-2022” Qış Olimpiya Oyunları 4-20 fevral tarixlərində keçiriləcək.