“Deputat İqbal Məmmədovun 10 milyon manata yaxın vergi borcu var. Bilirsiniz də bu hansı deputatdır, el arasında “Relax İqbal” deyirlər, qəşəng hotelləri, restoranları, istirahət mərkəzləri var”.
"Unikal" xəbər verir ki, bunu REAL Partiyasının icra katibi Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.
O xatırladıb ki, 2019-cu ildə deputatın oğlu “Relax”ı yoxlamağa gələn vergi işçilərini döymüşdü:
“İndi də məlum olur ki, deputatın şirkətinin milyonlarla vergi borcu var. 2016-cı ildə mənə yalandan, tam qurama kağızla 2070 manat vergi borcu yazıb həbs etmişdilər. Əlimdə Vergilərin rəsmi “borcu yoxdur” sənədi olsa da, məhkəmə dedi yox e, var, həbs olunmalıdır. Bəs necə olur ki, deputatın şirkətinin 10 milyon vergi borcu var, amma o hələ də azadlıqdadır? Hələ də deputatdır?”
REAL partiyasının funksioneri, eyni zamanda təcili proporsional seçki haqqında qanunun qəbul edilməli, deputatların sayının 155 nəfərə qədər artırılmalı, ancaq partiya siyahıları ilə normal parlament formalaşdırılmalı olduğunu bildirib.