"Hesab edirəm ki, bunun bir neçə səbəbi var. Birinci səbəbi obyektiv saymaq olar. O mənada ki, deputat seçicinin nümayəndəsidir. Vətəndaş deputatdan umur ki, hər şeyə nəzarət etsin".
Bunu "Unikal"a açıqlamasında deputat Tahir Kərimli bəzi deputatların sosial şəbəkələrdə təhqirlərə məruz qalmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, deputat seçicinin istəklərini reallaşdıra, hökumətə təsir edə bilmirsə, hansısa qanunun qəbul olunmasını bacarmırsa, o zaman fikir yaranır ki, bütün bunlara görə deputat təqsirkardır:
"Digər bir məsələ isə subyektivdir. Məsələn, deputat heç də bəzi özəl və dövlət orqanları var ki, onlardan artıq əmək haqqı almır. Və yaxud onlardan yaxşı dolanışığı yoxdur. Belə deputat varsa, onun gəliri deputatlıq fəaliyyətinə görə deyil. Bəlkə başqa bir biznes sahəsi var. Amma bunları deputatın üzərinə yönəldirlər. Təəssüf edirəm ki, bir sıra hökumət nümayəndələri, icra, məhkəmə orqanları deputatdan qalxan kimi istifadə edirlər. Belə ki, zərbə onlara deyil, deputata dəysin. Halbuki min və milyon dəfə artıq gəlirləri olan, özünü cəmiyyətdə doğru aparmayan, korrupsiyaya uğramış şəxslər tənqiddən kənarda qalır, hamı deputatın üstünə düşür".
Deputat qeyd edib ki, qanunlar kamil işləməlidir:
"Növbədənkənar seçkilərin tələblərindən biri bundan ibarət oldu ki, deputatlıq fəaliyyəti ilə bir araya gəlməyən insanlar deputat olmasınlar. Bu məsələlər bir az da dərinləşməlidir. Deputat yalnız qanunvericilik hakimiyyəti ilə məşğul olsun. Yoxsa, deputat mən bu işimi burda tez bitirim, başqa biznes sahəm var gedib onunla məşğul olum düşünməli deyil. Belə məsələ ortaya çıxanda təbii ki, deputata tuşlanan oxlar obyektiv atılır".
Anar Kəlbiyev