Son dövrlərdə müxtəlif hüquq pozuntularına yol vermiş şəxslərin üzr videolarının yayılması ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Bu addım insanların hüquqlarının pozulması kimi qiymətləndirilir. Vətəndaşların üzr videolarını yaymaq hüquqi baxımdan doğrudurmu?
Bu barədə "Unikal"a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, inzibati xəta törətmiş şəxslərin sosial şəbəkələrdə və televiziyalarda üzr istəməsinin nümayiş olunması başadüşülən deyil:
“Vətəndaş törətdiyi inzibati xətaya görə məhkəmə tərəfindən və ya digər qurumlar tərəfindən cəzalandırılır, bu cəzadan əlavə onların mətbutda üzr videolarının yayımlanması vətəndaşın fundemental hüquqlarının pozulmasıdır. Cinayət işlərində yanaşma fərqlidir, təqsirləndirilən və şübhəli şəxs qismində olan şəxslərin dindirilməsi zamanı onların özünə və vəkilinə elan, xəbərdarlıq etməklə müəyyən çəkilişlər aparıla bilər, bu da istintaq üçün lazımdır. İstintaq çəkilişlərinin ictimailəşməsi qanunla qadağan olunur. Çünki istintaq sirri deyilən bir anlayış var, o zaman istintaq sirri pozulmuş hesab olunur. Şahidlərin dindirilməsini əks etdirən çəkilişin aparılması isə ümumiyyətlə qadağandır”.
Ç.Qənizadə qeyd edib ki, cinayət törətmiş şəxslərin yalnız fotoşəkilləri istisna hallarda tirajlana bilər:
“Bu halda ki, həmin şəxs tərəfindən digər cinayətlərin törədilməsi ehtimalı var və digər zərərçəkənlərin də tapılması, istintaqa dəvət edilərək zərəçəkən kimi tanınması üçün fotoşəkillər göstərilə bilər. Son dövrlərdə nə baş verirsə, birmənalı olaraq istər inzibati, istər cinayət törədən şəxslərin telekanallar vasitəsilə çəkilişi aparılır, mətbuata, cəmiyyətə göstərilir. Bu kimi hallar insan hüquqlarının pozulması kimi dəyərləndirilir. Cinayətin sübut edilməsi üçün onun əməlinin ictimailəşməsinə ehtiyac yoxdur. Vətəndaş deyə bilər ki, bunu etmişəm. Ancaq sonradan məlum olar ki, o digər cinayətini gizlətmək üçün daha yüngül cinayəti boynuna götürür. Çəkilişlər önəmli deyil, ancaq çəkilişlərin ictimailəşməsində bir vətəndaşın hüquq və azadlıqlarının qorunması prinsipini rəhbər tutmalıyıq və hər bir cinayət törədən şəxs inzibati xətalar törədən şəxslərin tutulub, telekanallara çıxarılması və yaz üzr istədilməsi qanunla qadağan olunur”.
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, Bakıda yolu bağlayan TIR sürücülərinin müzakirələrə səbəb olan üzr videosu onlar tərəfindən lentə alınmayıb.