Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində İqlim üçün Kənd Təsərrüfatı İnnovasiyaları Missiyası təşəbbüsünün (AİM For Climate) 1-ci Nazirlər Toplantısı keçirilib. Toplantıda iqlimə uyğun kənd təsərrüfatı və qida məhsullarının innovasiyaları sisteminə sərmayələri artırmaqla qlobal iqlim dəyişikliyinin aqrar sektora mənfi təsirlərinin azaldılması məsələləri müzakirə olunub.
"Unikal" xəbər verir ki, tədbirdə çıxış edən iştirakçılar bildiriblər ki, iqlim dəyişikliyi nəticəsində havanın orta illik hərarəti artır, yağıntılar azalır, mövsümlər üçün qeyri-xarakterik hava şəraiti mövcud kənd təsərrüfatı təcrübələrini pozur. Bu amilləri nəzərə alaraq aqrar sektor iqlim dəyişikliyindən qaynaqlanan yeni situasiyaya təcili uyğunlaşmalıdır. Bunun üçün biotexnologiyaların inkişafı və aqrar sahədə daha geniş tətbiqi zərurətə çevrilib. Mövcud çağırışlara uyğun olaraq məhsul istehsalı prosesində ənənəvi üsulların yeni yanaşmalarla əvəzlənməsi vacibdir. Zəruri məqamlardan biri də kənd təsərrüfatı və qida məhsulları istehsalında insan kapitalından düzgün istifadə etmək, yenilikləri daha sürətlə mənimsəyən gəncləri prosesə cəlb etməkdir.
Toplantıda çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, iqlim-ağıllı kənd təsərrüfatı transformasiyasında innovasiyalar və rəqəmsal həllər mühüm rol oynayır: “Azərbaycan hökuməti kənd təsərrüfatının dayanıqlı inkişafını təmin etmək üçün bütün tədbirləri görür. İqlim dəyişikliyi ölkəmizə də təsirsiz ötüşmür. Bu səbəbdən aqrar sahədə innovasiyaların daha geniş şəkildə tətbiqi vacib sayılır. İqlim dəyişikliyinin aqrar sahəyə mənfi təsirlərini azaltmaq, mövcud torpaq və su resurslarından daha səmərəli istifadə etmək üçün müasir texnologiyalardan istifadə genişlənir. Azərbaycan hökuməti öz növbəsində iqlimə uyğun kənd təsərrüfatı sistemlərinin inkişafına dəstək verir. İqlimə uyğun ağıllı əkinçilik və bağçılıqda müasir texnologiyalarının tətbiqi stimullaşdırılır. Hazırda əsas vəzifəmiz aqrar sahədə dayanıqlı inkişaf mexanizmlərini formalaşdırmaqla, iqlim dəyişikliklərinə adaptasiya strategiyasını tətbiq etməkdir. Yeni çağırışlara adaptasiya siyasətimiz aqrar sahədə elmi tədqiqatların inkişafı ilə uyğunlaşdırılır. “AİM For Climate” təşəbbüsünün məqsədlərinə nail olunmasında elmi tədqiqat institutlarının üzərinə böyük iş düşür. İnstitutlar iqlim dəyişikliklərinin mənfi nəticələrini azaltmağa yönəlmiş təcrübələri araşdırmalı, innovasiyaların istifadəsini genişləndirməlidir. Dünyada tətbiq olunan müasir texnologiyalardan ölkəmizin kənd təsərrüfatında istifadə müsbət nəticələr verməkdədir. Bundan əlavə, Azərbaycanın işğaldan azad edilmiş və Yaşıl Enerji Zonaları elan edilmiş əraziləri “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında yenidən qurulur”.
Bildirilib ki, Azərbaycan hökuməti Paris Sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərə məsuliyyətlə yanaşır, bu koalisiya çərçivəsində istənilən səmərəli tərəfdaşlığa və birgə fəaliyyətə hazırdır. Bu təşəbbüs çərçivəsində gələcək konstruktiv əməkdaşlıq İqlim üçün Kənd Təsərrüfatı İnnovasiyaları Missiyasının məqsədlərinə uğurla nail olmağa kömək edəcək.
Toplantıda “AİM For Climate” məqsədləri ətrafında fikir mübadiləsi aparılıb, iştirakçılar bu sahədə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.
Nazir İnam Kərimov BƏƏ-yə səfəri çərçivəsində “Dubai Expo 2020” sərgisini ziyarət edib, Azərbaycan pavilyonunun fəaliyyəti ilə tanış olub. Heydər Əliyev Mərkəzinin təşkil etdiyi Azərbaycan Pavilyonu ən çox ziyarətçi qəbul edən milli pavilyonlardan biridir. Burada keçirilən təqdimatlar, konsertlər, həmçinin milli kulinariya nümunələri dünyanın müxtəlif ölkələrindən olan ziyarətçilərin böyük marağına səbəb olur. Nazir sərgidə fəaliyyət göstərən digər ölkələrin milli pavilyonlarına da baş çəkib, burada sərgilənən eksponatlarla tanış olub.