"Quba yolunda bir neçə gün əvvəl baş vermiş faciə özümə də çox pis təsir edib".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
"Amma mətbuat işçiləri gündəlik avtomobil yollarında olan faciələrin sayını hesablasalar, görərlər ki, bu da onların biridir. Bunu ümumrespublika matəminə çevirməyi tövsiyə etmirəm", - S. Məmmədov bildirib.
Onun sözlərinə görə, layihələndirməyə uyğun olaraq, o yolda sürətin tənzimlənməsi üçün yol nişanları və işarələri qoyulub: "Hər bir yoldan istifadə edən sürücü onlara riayət etsə, qəza olmaz. Ümumiyyətlə, həmin ərazidə yolda dalğavari heç nə yoxdur. O yolda üç zolaqdan iki zolağa keçməsi barədə nişan qoyulub".
S.Məmmədov qeyd edib ki, Quba yolunun bərpası üçün mütəmadi işlər aparılır: "Quba yoluna hazırda yeni alternativ yol çəkilir və yol 2022-ci ilin sonuna qədər istifadəyə veriləcək".