Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirib.
Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Tədbirdə çıxış edən nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf və tərəqqi strategiyasının uğurla davam etdiyini, ölkəmizdə mövcud olan sabitliyin, təhlükəsizlik şəraitinin, ümumən ictimai asayişin etibarlı qorunduğunu vurğulayıb, görülən işlərdə, əldə edilən müsbət nəticələrdə Əlahiddə Çevik Polis Alayının şəxsi heyətinin də böyük əməyi olduğunu diqqətə çatdırıb.
Nazir V.Eyvazov xidməti fəaliyyətdə əsas diqqəti vətəndaşların təhlükəsizliyinin daha etibarlı qorunmasına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının qətiyyətlə alınmasına, insan hüquq və azadlıqlarının qorunmasına, eyni zamanda şəxsi heyət arasında nizam-intizamın gücləndirilməsinə yönəltməyi tələb edib.
General-polkovnik V.Eyvazov xidməti funksiyaların səmərəli həyata keçirilməsi üçün ölkə rəhbərliyi tərəfindən daxili işlər orqanlarına hərtərəfli şəraitin yaradıldığını, şəxsi heyətin dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edərək əmin olduğunu bildirib ki, Nazirliyin mühüm struktur qurumlarından olan Əlahiddə Çevik Polis Alayının şəxsi heyəti qanunla müəyyən edilmiş vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaqdır.