"Yas mərasimlərinin keçirilməsinə icazə vermək lazımdır".
Bunu "Unikal"a açıqlamasında deputat Razi Nurullayev deyib. Deputat bildirib ki, ölkəmizdə peyvənd olunanların sayı artıb:
"Demək olar ki, hamı peyvənd olunub. Bütün dünya ölkələri bağlı yerləri açmaqda davam edir. Azərbaycanda demək olar ki, qeyri-rəsmi olaraq insanların 80 faizi yoluxub və sağalıb. Rəsmi statistika isə tamam başqadır. Təbii ki, orada müraciət edənlərdir. Amma xeyli insan həkimə müraciət etməyib. O baxımdan hesab edirəm ki, yas mərasimlərində xəstəlik artacaq, daha çox yayılacaq kimi fikirlərin anlamı yoxdur. Yas mərasimlərinin keçirilməsinə icazə verilməlidir".
R.Nurullayev qeyd edib ki, Azərbaycan yavaş-yavaş tam olaraq pandemiyadan öncəki vəziyyətə qayıtmaq üçün addımlar atmalıdır:
"Bir-iki aya tam koronavirusdan azad bir ölkə kimi yaşamağa keçməliyik. Bunu etmək istəməsək, bu inamı, immuniteti özümüzdə yaratmasaq, düşünəcəyik ki, bu xəstəlik elə bizi öldürəcək. Düşünürəm ki, bu xəstəliyin öldürücülüyü artıq geridə qalıb. Biz irəliyə baxmalıyıq. Bu virusun idarəolunmasını nəzarətə götürə bilmişik. Azərbaycan vətəndaşları həkimsiz də bu virusu necə müalicə etməklərini də bilirlər. Əvvəlki dərman ajiotajı yoxdur. Hansı dərmanlarla bağlı ajiotaj var idisə, demək onların hamısı yalan olub. O dərmanlar indi koronavirus xəstələrinin müalicəsi üçün istifadə olunmur. Ancaq sistem köçürmək, vitaminlər qəbul etmək və bədənin müqavimətini gücləndirmək lazımdır. İnsanlarımız bunu bilir, həkimlərində tövsiyəsi budur. O baxımdan yas mərasimlərinin keçirilməsinə qoyulan qadağanı tam aradan götürmək lazımdır".
Anar Kəlbiyev