Fevralın 13-də ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə keçirilmiş sınaq imtahanının nəticələri elan edilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) "Unikal"a verilən məlumata görə, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 3213 abituriyentdən 76 nəfəri imtahana gəlməyib.
Xatırladaq ki, imtahanda ən yüksək nəticə göstərən abituriyentlər (daha əvvəl keçirilən eyni məzmunlu görüşdə iştirak edənlər istisna olmaqla) 2022-ci il martın 2-də DİM-in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən yeni inzibati binasında keçiriləcək “Açıq qapı” gününə dəvət olunacaq.
Görüşdə DİM-in məsul işçiləri tərəfindən abituriyentlərə qəbul imtahanları, ixtisas seçimi və digər məsələlərlə əlaqədar məsləhət və tövsiyələr veriləcək, onları maraqlandıran suallar cavablandırılacaq. Abituriyentlər DİM-in binasında yaradılmış və milli qiymətləndirmə sistemimizin tarixi inkişaf yolunu əks etdirən muzeylə də tanış olacaqlar.