"Azərsu" ASC Prezident İlham Əliyevin təsdiqlədiyi "Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı"na uyğun olaraq Goranboy rayonunun Qazanbulaq qəsəbəsinin içməli su təchizatının daha da yaxşılaşdırılması məqsədilə yeni layihə həyata keçirir.
"Unikal" xəbər verir ki, bu qəsəbədə mərkəzləşdirilmiş içməli su təchizatı sistemi mövcud olmayıb, əhalinin çəkdiyi tikinti normalarına uyğun olmayaraq çəkilmiş xətlər normal su təchizatı aparmağa imkan vermir, su itkilərinə səbəb olub.
Qəsəbədə mərkəzləşdirilmiş su təchizatı sisteminin yharadılması məqsədilə yeni layihə hazırlanıb və icrasına başlanıb. “Azərsu”yun daxili imkanları hesabına icra olunan layihə çərçivəsində 7 km uzunluğunda mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılacaq, 196 ünvana birləşmə verilərək sayğaclar quraşdırılacaq. Bununla da su itkilərinin qarşısı alınaraq sudan səmərəli və qənaətlə istifadə təmin ediləcək. Təmir-bərpa, yenidənqurma işlərini səhmdar cəmiyyətinin 7 saylı Regional Sukanal İdarəsi həyata keçirir.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, 7 saylı Regional Sukanal İdarəsinin rəisi Xəqani Vəliyev layihənin icrası ilə yerində tanış olublar. İşlərin keyfiyyətlə aparılması və qəsəbənin içməli su probleminin əsaslı və operativ surətdə həlli ilə bağlı müzakirələr aparılıb, müvafiq tapşırıq və tövsiyyələr verilib.