Dövlət Gömrük Komitəsinin Akademiyasında Akademiyanın Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Vətənpərvərlik klubunun təşkilatçılığı ilə 26 fevral-Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Erməni zindanında 8 gün” adlı tədbir keçirilib.
"Unikal" xəbər verir ki, Xocalı dəhşətinin canlı şahidi Dürdanə Ağayevanın qonaq kimi dəvət olunduğu tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri ilə yanaşı ATGTİ-nin nümayəndələri iştirak etmişdirlər. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Xocalı həqiqətlərinin tələbə gənclərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən tədbirdə giriş nitqi ilə çıxış edən Akademiyanın Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində Akademiyada keçirilən tədbirlərdən söz açmışdır. İslam Hüseynov faciənin tarixinə qısa nəzər salaraq qan yaddaşımıza çevrilən Xocalı soyqırımının təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olduğunu vurğulamışdır. O, faciə qurbanlarının əziz xatirəsinin hər birimizin yaddaşına əbədi həkk olunduğunu bildirmişdir.
Daha sonra Xocalıda ermənilərin törətdikləri faciənin canlı şahidi olan Dürdanə Ağayeva çıxış edərək dəvətə görə Akademiya rəhbərliyinə təşəkkür etmişdir. Səkkiz gün erməni əsirliyində ağlasığmaz işgəncələrə məruz qalan Dürdanə Ağayeva Xocalı sakini kimi şahidi olduğu erməni vəhşiliyi və vandalizmi, xüsusi amansızlıqla törədilmiş soyqırımı cinayəti ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür. D.Ağayeva Xocalı soyqırımı ilə bağlı yazdığı “Erməni zindanında 8 gün” adlı kitabdan da ürək göynədən faktlar misal gətirərək, yüz illər ötsə də, mənfur ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasətinin nəticələrinin unudulmayacağını qeyd etmişdir. O, Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın mərd oğulları səyəsində 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində şəhidlərimizin qanının yerdə qalmadığını qürürla ifadə etmişdir.
Tədbirin davamında Dürdanə Ağayeva bölüşdüyü ürəkparçalayan xatirələr ilə bağlı tədbir iştirakçılarının ona ünvanladıqları sualları cavablandırmışdır.
Daha sonra Akademiya rəisi Qulu Novruzov çıxış edərək dəvəti qəbul etdiyinə və 30 il öncə yaşanmış qanlı faciənin təəssüratlarını ağrılı olsa da, tədbir iştirakçıları ilə bölüşdüyünə görə Dürdanə Ağayevaya öz təşəkkürünü bildirmişdir. Ermənilərin faşist xislətlərindən irəli gələn məkrli və təcavüzkar siyasətindən bəhs edərək, əlverişli strateji və coğrafi mövqedə olan Xocalıda və digər yaşayış məntəqələrimizdə törədilən cinayətlərin insanlığa qarşı həyata keçirilmiş ən qəddar zorakılıq nümunələrindən biri olaraq tarixin yaddaşına həkk olunduğunu qeyd etmişdir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə tarixi Zəfər qazandığımız 44 günlük Vətən müharibəsində Xocalı qatillərinin əksəriyyətinin rəşadətli Azərbaycan əsgəri tərəfindən məhv edildiyini bildirən Q.Novruzov bu gün Xocalı qurbanlarının ruhunun şad olduğuna əminliyini ifadə etmişdir. Akademiya rəisi çıxışının sonunda soyqırımı qurbanlarına və vətən uğrunda canını fəda etmiş oğullarımıza Allahdan rəhmət diləmişdir.
Tədbirin sonunda Dürdanə Ağayeva Xocalı hadisələrini özündə əks etdirən müəllifi olduğu “Erməni zindanında 8 gün” və “Yarımçıq qalmış ömür” adlı kitabları Akademiyanın kitabxanasına hədiyyə etmişdir.