İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən martın 4-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
"Unikal" xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11:00-da keçiriləcək hərracda Abşeron rayonunda yerləşən “Güzdək muldası” əhəngdaşı yatağının 1.5 – 2 hektar, Qazaxda olan “Daş Salahlı” əhəngdaşı yatağının 0.6 - 1.2 hektar, Ağsuda yerləşən Girdimançay” qum-çınqıl yatağının isə müvafiq olaraq 5 hektar sahələri açıq hərraca çıxarılacaq.
Agentlik tərəfindən hərrac iştirakçısına hərrac ilə bağlı dəvət məktubu verildikdən sonra 2 iş günü ərzində başlanğıc qiymətinin 10% miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər. Çağrı mərkəzi: 193, tel: (012) 566-07-44
Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.