“Azərbaycanda dövlət gənclər siyasətinin banisi Heydər Əliyevdir” fikrini həm zaman, həm də keçdiyimiz tarixi mərhələ bizə hər addımda xatırladır. Çünki bir millət, bir dövlət sabahını uğurlara apara biləcək gənclik yetişdirirsə, deməli, o millətin, o dövlətin gələcəyi üçün narahat olmağa dəyməz. Ulu öndər Heydər Əliyev də ölkəmiz üçün belə gənc nəsil yetişdirdi və bu nəslə ən böyük əsəri olan müstəqil Azərbaycanı əmanət etdi. İyirmi beş il bundan əvvəl fevralın 2-si ulu öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi. Ondan bir il əvvəl isə Heydər Əliyevin təşkilatçılığı və təşəbbüsü ilə Azərbaycanda Birinci Gənclər Forumu keçirildi və o vaxtdan gənclər siyasəti dövlətin prioritetləri sırasına daxil oldu.
Məhz Heydər Əliyevin müdrikliyi gənclər siyasətini müstəqillik dövrünün ən böyük hadisəsinə çevirdi. O, hər zaman gəncliyə güvəndi, gənclərə arxalandı. Ulu öndər düşünürdü ki, müstəqilliyin ilk illərindəki o ağır siyasi, sosial-iqtisadi gərginliyi, o gərginliyin yaratdığı problemləri məhz gəncliyin sayəsində dəf etmək olar və belə də etdi. Özünün neft strategiyasını, sosial siyasətini həyata keçirmək üçün gənclərə üz tutdu, onlara inandı, onların imkan və bacarıqlarını yüksək qiymətləndirdi, “Siz Azərbaycanın gələcək qurucularısınız, mən sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram” deyib onlara dəstək verdi. Bununla ulu öndər gəncləri, həm də o mürəkkəb dövrün gərgin ideoloji mühitinin təhlükəli təsirindən xilas etdi, aydın strategiya ilə onların enerji və imkanlarını milli maraqların müdafiəsinə yönəltdi, hər kəsin qəlbində bir vətənpərvərlik hissi alovlandırdı.
İndi həmin tarix Azərbaycan gənclərinin, sanki Vətən qarşısında bir hesabat günüdür. Görkəmli dövlət xadiminin “Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!” tövsiyəsi bugünkü gəncliyin inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyev ulu öndərin bu irsini uğurla davam etdirir, gənclər siyasətinin inkişaf istiqamətlərini mövcud ənənələr əsasında daha da təkmilləşdirir. Ona görə də indi ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və bu mərhələni formalaşdıran Prezident İlham Əliyevdir.
Təsadüfi deyil ki, ötən dövrdə Azərbaycan gəncliyi ilə bağlı Dövlət Proqramları qəbul edilib, 2007-ci il ölkədə “Gənclər ili” elan olunub, 2011-ci ildə Gənclər Fondu yaradılıb, iki il sonra ilk dəfə “Gənclər üçün Prezident mükafatı” təsis olunub, Azərbaycan gənclərinin İnkişaf Startegiyası təsdiqlənib. Beləliklə, son 19 ildə Azərbaycanda gənclərə dövlət qayğısı ən parlaq dövrünü yaşayıb. Gənclərin fiziki və mənəvi sağlamlığı, təhsili, məşğulluğu, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatındakı iştirakı, problemlərinin həlli diqqət mərkəzində saxlanılıb. Ən vacib məqam odur ki, bu illərdə Prezident İlham Əliyev özünün iş və şəxsi keyfiyyətləri, intellekti, fenomen istedadı, vətənpərvərliyi, milli dəyərlərə bağlıllğı ilə hər bir Azərbaycan gəncinin idealına çevrilib.
Prezident İlham Əliyev müstəqil Azərbaycan dövlətinin əsas sosial qüvvəsi olan müasir gəncliyin vətənpərvər ruhda böyüməsini hər zaman xüsusi diqqətdə saxlayır, onların cəmiyyətin inkişafında, demokratikləşmə prosesində, islahatların həyata keçirilməsində fəal iştirakı, uğur qazanması üçün hər cür dəstək göstərir və bu dəstək qloballaşma deyilən çətin, həm gənclikdən xüsusi bacarıq, qabiliyyət tələb edilən bir zamanda baş verir. Çünki qloballaşma dediyimiz məfhum artıq öz əzəli mahiyyətini itirib, o daha çox müxtəlif ölkələrin daxili işlərinə qarışmağı, insanları, xüsusilə də gəncləri dırnaqarası dəyərlər ətrafında birləşdirməyi, kosmopolit gənclər yetişdirməyi nəzərdə tutur. Daha çox gənclərin hədəf seçilməsinin də səbəbləri aydındır. Çünki gənclər daha tələbkar olur, onlar həyata yeni başlayır. Onları əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur. Əsas məqsəd həm də gəncləri öz dövlətlərinə qarşı, ilk növbədə, öz əcdadlarına, tarixinə, dəyərlərinə qarşı qoymaqdır. Amma Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Bizdə bu məsələləri dövlət özü tənzimləyir və Azərbaycan gəncliyi öz liderinin ətrafında birləşərək dövlət və cəmiyyət quruculuğunun əsas kompanenti kimi çıxış edir. Dövlət başçısı istəyir ki, Azərbaycan gənci savadlı, bilikli, təşəbbüskar olsun, ictimai həyatın bütün sahələrində fəallığı ilə seçilsin, cəmiyyətin dinamik, hərəkətverici, ideyaların gələcəyə ötürülmə qüvvəsinə çevrilsin. Prezidentin “Gənclərə müraciət edirəm. Mən sizinləyəm, mən sizi həmişə dəstəkləmişəm. Bu gün də dəstəkləyirəm və gələcəkdə də dəstəkləyəcəyəm!” fikri, əslində gənclərə ən böyük qayğını, onların parlaq sabahına aydın baxışı özündə ehtiva edir.
Təsadüfi deyil ki, indi ölkəmizdə milli düşüncəyə, dövlətçilik təfəkkürünə, yüksək intellektual səviyyəyə malik vətənpərvər gənc nəsil yetişib. İslahatlar yolunu seçən Azərbaycan bu gənclərin qarşısında yaşıl işıq yandırıb. Prezident İlham Əliyev həm daxili, həm xarici siyasətində gənclər məsələsini daim ön planda saxlayır. Gənclər faktoru islahatların başlıca tərkib hissəsinə çevrilib, kadr siyasətinin əsas bazasını gənclər təşkil edir, yenilikçi, xalqını, dövlətini sevən, ona sədaqətlə xidmət edən, istedadlı, qabiliyyətli, peşəkar kadrlar irəli çəkilir, dövlət idarəçiliyinə cəlb edilir, yüksək vəzifələrə təyin olunur. Yəni başqa ölkələrdən fərqli olaraq Azərbaycan gəncliyi küçədə deyil, onlar universitetlərdə, təhsil ocaqlarında, iş yerlərindədir. Azərbaycanın istedadlı gəncləri indi startapları böyük firmalara satır, Amerikada, Avropada bizneslərini qurur. Yəni, intellektual potensial Azərbaycanda çox yüksəkdir, bu da təbii ki, birbaşa dövlət qayğısı ilə bağlıdır.
Prezident İlham Əliyev Azərbaycanın gələcəyini etibar edəcəyi nəslin hazırlanmasına hər zaman böyük önəm verib. Yeni nəslin cəmiyyətdəki xüsusi çəkisinin yüksəlməsi Azərbaycanın sabahını düşünərək atılan addımdır. “Biz gənclərə yol açmalıyıq, meydan verməliyik, yeni təfəkkürlü insanlar önəmli vəzifələrə təyin edilməlidirlər. Biz köhnə psixologiyanı bu yollarla qıra bilərik. Cəmiyyətimizi sarsıdan xoşagəlməz hallara ancaq bu yollarla son qoya bilərik.” Prezidentin siyasi iradəsinin təcəssümü olan bu islahatlar dövlətçiliyimizin möhkəmləndirilməsi, cəmiyyəti narahat edən problemlərin həlli və dayanıqlı inkişafa yönəlib. “Gənclər bizim gələcəyimizdir” prinsipi Prezidentin xarici siyasətində də qabarıq görünür. Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarla əlaqələrdə gənc kadrlara üstünlük verilir. Yeni təfəkkürlü gənclərə göstərilən bu yüksək etimad onların hərtərəfli inkişafına yol açmaqla yanaşı, heç şübhəsiz, həm də çiyinlərinə böyük məsuliyyət qoyur. Axı Prezident yeni yanaşması ilə cəmiyyətin saflaşmasını, sağlamlaşmasını, Azərbaycan vətəndaşlarının məmnunluğunu istəyir. Çünki müsbət ənənələr, dövlət siyasəti, reallıq bunu tələb edir. O ki qaldı, xarici ölkələrdə, beynəlxalq təşkilatlarda ölkəmizi təmsil edən gənclərə, onlar bu vəzifəni layiqincə, şərəflə, qürurla yerinə yetirməlidir. Azərbaycanın dünyadakı nüfuzunu artırmaq onların da borcudur. Prezident İlham Əliyevin tövsiyə və göstərişləri isə gənclər üçün əsas meyar, əsl fəaliyyət proqramı olmalıdır.
İndi Azərbaycan sürətli inkişafı, nailiyyətləri, sabaha aydın və inamlı baxışı, güvənli addımları, davamlı və uğurlu islahatları ilə diqqət mərkəzindədir. Bu islahatlar ona görə diqqəti çəkir ki, dağıntılar, hərc-mərclik yolu ilə deyil, təmkinlə, düşünülmüş, planlı şəkildə aparılır. Gənclər isə islahatların aparıcı qüvvəsinə, ümumilikdə, cəmiyyətin məhsuldar təbəqəsinə çevrilib. Onlar etimadı doğruldaraq milli dövlət quruculuğunda önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, konkret əməlləri, uğurları hər yerdə görünür. Bu, dövlət gənclər siyasətinin uğurudur. Bu siyasətin reallaşması hər bir gəncin qarşısında hərtərəfli fəaliyyət üçün geniş imkanlar açır. Qalır bu şansdan bəhrələnmək. Bu isə hər bir gəncin öz əlindədir.
Bu gün mürəkkəb coğrafi məkanda, qaynar proseslərin əhatəsində yerləşən, dünyanı sülhə, əmin-amanlığa səsləyən Azərbaycan sanki sabitlik adasıdır. İndi bunu hər kəs etiraf edir. Bu sabitliyin qarantı isə həm də ölkəsini, dövlətini sevən Azərbaycan insanıdır, Azərbaycan gəncliyidir. Onlar Qarabağın 30 illik işğalına son qoydular, torpaqlarımızı azadlığına qovuşdurub ərazi bütövlüyümüzü təmin etdilər. O gənclər 2020-ci ildə 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq və rəşadət göstərərək Azərbaycana parlaq Qələbə bəxş etdilər. Dünyaya və düşmənə sübut etdilər ki, dövlətini, Vətənini, xalqını qorumaq onlar üçün şərəf işidir. Və hər hansı təhdid olarsa, düşmən yenə onları öz qarşısında görəcək. Çünki bu gənclər “Dəmir yumruq”lu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərvaxt əsgərləridir. Ölkə rəhbəri həmişə haqlı olaraq deyir ki, onun Prezidentliyi dövründə Azərbaycanda əsl vətənpərvər nəsil yetişdi və həmin nəsil Vətən müharibəsində əsas missiyanı yerinə yetirdi, işğalçı dövlətin ordusunu darmadağın edib Qarabağı qaytardı, bu gənclər bizim qürur mənbəyimizdir: “...Elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi. ...Ali Baş Komandan kimi müharibə dövründə hər an, necə deyərlər, bütün əməliyyatlara rəhbərlik edən şəxs kimi deyirəm və görürəm ki, bəzi hallarda, hətta çətin anlarda bizim hərbçilərimiz mümkün olmayanı da reallığa çevirmişlər. Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə aparırdı.”
Əgər bir vaxtlar ictimaiyyətdə sağlam gəncliklə bağlı hər hansı tərəddüd var idisə Vətən müharibəsi bütün şübhələrə son qoydu. Müstəqilliyin övladları Qarabağda tarix yazdı. “Dəmir yumruq” təkcə gücümüzü yox, həm də birliyimizi, həmrəyliyimizi nümayiş etdirdi. İndi bu birlik hər bir ölkə üçün, multikonfessional və çoxmillətli ölkə üçün nümunə ola bilər. İndi xalqımızın və onun aparıcı qüvvəsi olan gəncliyimizin qarşısında yeni vəzifələr var. Ölkədəki sabitliyin davamlılığına nail olmaq, onu yad təsirlərdən və təhdidlərdən qorumaq ən başlıca vəzifədir.
Digər tərəfdən Qarabağın yenidən qurulması, orada abadlıq və quruculuq işlərinin sürətlənməsi də gənclikdən yeni güc və qüvvə tələb edir və biz bu çətin, həm də şərəfli işin öhdəsindən məhz gəncliyin, onun tükənməz enerjisi sayəsində gələcəyik. Çünki Qarabağa həyat vermək özü də vətənpərvərlik nümunəsidir...
Azərbaycan gəncliyinin məqsədi, məramı aydındır: fəaliyyətini xalqına, Vətəninə, dövlətinə həsr etmək. Dövlət gənclər siyasəti isə sabaha və uğurlara hesablanan, sağlam nəslin formalaşmasına, ölkənin gələcəyinə xidmət edən siyasətdir. Bu isə o deməkdir ki, Azərbaycan sağlam gəncliyi və sağlam gələcəyi olan ölkədir...
Arif Alışanov