Abşeron rayonunda Xocalı faciəsinin 30-cu il dönümü ilə əlaqədar anım tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, Xırdalan şəhərində yerləşən Mədəniyyət Evində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, Abşeron rayon İdman və Gənclər idarəsinin rəisi, Xocalı faciəsinin günahsız qurbanlarının yaxınları, şəhid ailələri və qazilər iştirak etmişlər.
İştirakçılar əvvəlcə məktəblilər tərəfindən Xocalı faciəsinə həsr olunan rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirmişlər.
Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin və faciə zamanı ermənilərin qətlə yetirdiyi günahsız soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xocalı Faciəsini özündə əks etdirən qısametrajlı film nümayiş olunmuşdur.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni qəsibkarları Azərbaycan xalqına qarşı misli görünməmiş faciə yaşatmışlar. Əliyalın, qoca, uşaq, qadın deyilmədən və sadəcə Azərbaycanlı olduqlarına görə qanına qəltan edilmişdir. Respublikamızdakı o zamankı hakimiyyətin faciəni lazımınca qiymətləndirmədiyini və əsl həqiqətin xalqdan gizlədilməyə çalışıldığını vurğulayan RİH başçısı soyqırıma hüquqi qiymətin yalnız ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Ulu Öndərin sayəsində ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qanlı qətliam soyqırım faktı kimi təsbit olunmuşdur.
RİH başçısı bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmış və bir çox dövlətlər tərəfindən Xocalıda baş verənləri soyqırım kimi tanımışdır.
Xocalı faciəsinin günahsız qurbanlarının və ölkəmizin bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin qanının yerdə qalmadığını, onların qisasının döyüş meydanında alındığını qeyd edən RİH başçısı bildirmişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuz Vətən Müharibəsində cəmi 44 günə erməni qəsbkarlarını məğlub etmiş və 30 il düşmən əsarətində qalan torpaqlarımızı işğaldan azad etmişdir.
Daha sonra Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev və Xocalı sakini Brilyant Hacıyeva çıxış edərək Xocalı Faciəsinin acı nəticələrindən, ermənilərin tarix böyü azərbaycanlılara qarşı yeritdikləri soyqırım siyasətindən danışmış, gəncləri bu faciələri unutmamağa və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səylərini artırmağa çağırmışlar.
Sonda Abşeron Mədəniyyət Evinin incəsənət nümayəndələrinin hazırladığı və Xocalı soyqırımını özündə ehtiva edən bədii kompozisiya nümayiş etdirilmişdir.