Qaradağ Rayon İcra Hakimiyyətində 2024-2025-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunların mükafatlandırma tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, başçının müavini, məktəb direktorları və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar iştirak edib.
Giriş nitqi ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ali məktəblərə qəbul imtahanlarında yüksək nailiyyətlə tələbə adını qazananları təbrik edərək onlara şəxsi həyatlarında və təhsildə uğurlar arzulayıb.
Qeyd edib ki, ölkəmizdə əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfəsini verməkdədir. Məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir. Vurğulanıb ki, Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər misilsizdir. Hər il rayon üzrə ali məktəblərə qəbul olan, yüksək nəticə göstərən, tələbə adını qazanan məzunlar dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir.
Qaradağ rayonu üzrə orta məktəbi 2024-2025-ci tədris ilində 2168 nəfərin bitirdiyini, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 1669 abituriyentin 60,03 faizi, yəni 1002 nəfərin tələbə adını qazandığı diqqətə çatdırılıb. Daha sonra çıxış edən yeni tələbə adını qazanmış məzunlar, direktorlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər. Xüsusilə qeyd olunub ki, Əhmədli Əhməd Möhlət oğlu Biologiya fənni üzrə Respublika Olimpiadasının qızıl medal, Filippində keçirilən Beynəlxalq Biologiya Olimpiadasının bürünc medal mükafatçısı, Babayev Məmmədəli Məlik oğlu Tarix fənni üzrə Respublika Olimpiadasının qızıl medal mükafatçısı, Hüseynov Hüseyn Əlikram oğlu isə güləş üzrə Dünya və Avropa mükafatçısı olaraq Qaradağ rayonunun təhsil və idman sahəsində uğurlarına xüsusi töhfə vermişlər.
Tədbirdə yüksək nəticə əldə etmiş məzunlara Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı hədiyyələr təqdim etdi, tələbə adını qazanmış məzunlara və məktəb direktorlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.