"Azərbaycanlıların yarası var. Düzdü, ya yanlışdı demirəm, amma Azərbaycanda Ermənistanın 30 ildir ölkənin 20% ərazisini işğal altında saxladığını düşünürlər".
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
"Aydındır ki, Azərbaycan üçün gələcək təhlükənin qarşısını almaq və ona, məsələn, 50 və ya 100 ildən sonra imkan verməmək vacibdir... Hər şey ola bilər", - o qeyd edib.
Onun sözlərinə görə, ermənilərin əksəriyyəti Azərbaycan sərhədçilərini görmək istəmir: "Bu pisdir, amma zamanla keçəcək. Eyni ermənilər və azərbaycanlılar Moskvada bizneslə məşğul olurlar, dostluq edirlər. Başqa ölkələrdə də belə edirlər. Gərginlik var, yaralar təzədir. Məgər biz insanları öldürmədik? Azərbaycan tərəfində insanlar ölmədimi? Etibarın bərpası dövründə təmasların minimuma endirilməsi problemi var. Bu o demək deyil ki, 5-10 ildən sonra da belə olacaq".
Spiker qeyd edib ki, Ermənistan üçün mümkün qədər tez kommunikasiyaların blokdan çıxarılması vacibdir: "Bu emosional məsələlər tez bir zamanda həll olunacaq. Bizim Ermənistan-Azərbaycan malları üçün müştərək bazarımız olacaq. Mağazalarımızda Azərbaycan malları, Bakıda və Azərbaycanın digər şəhərlərində erməni malı olacaq. Bu, qaçılmazdır. Ermənilər gedib Azərbaycandan benzin alacaqlar, çünki bu, sərfəlidir".
Ağarza Elçinoğlu