Ermənistanın baş naziri Nikol Paşinyan dünən parlamentdə hökumətlə sual-cavab zamanı Vaşinqton razılaşmasından sonrakı dövrdə istifadə olunan “Zəngəzur dəhlizi” ifadəsinin işlədilməsinə toxunub.
"Unikal" xəbər verir ki, baş nazirin bu barədə çıxışı erməni KİV-də yayımlanıb.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında kommunikasiyalar təsbit olunmuş sənədlə əlaqələndirilməlidir, lakin TRIPP layihəsi Ermənistan və ABŞ arasında ikitərəfli müzakirə mövzusudur: "Ermənistan və Azərbaycanın kommunikasiyaları bir-birinə bağlı olmalıdır. Amma TRIPP layihəsi Ermənistan və ABŞ arasında ikitərəfli müzakirə mövzusudur. Və bu layihədə təkcə Ermənistanın baş naziri və ABŞ prezidentinin deyil, həm də Azərbaycan prezidentinin imzası var.
Obyektiv reallıq və subyektiv təsəvvürlər var. Obyektiv reallıq ondan ibarətdir ki, Ermənistan və Azərbaycan Vaşinqtonda bir-birinin ərazi bütövlüyünü, suverenliyini, yurisdiksiyasını və sərhədlərinin toxunulmazlığını bir daha tanıyıb. Və buradan belə bir kanalın Ermənistan Respublikasının ərazisindən keçə biləcəyi, onun bu barədə qərar qəbul etməsi haqqında razılıq əldə olunub".
Bundan əlavə, Paşinyan qeyd edib ki, Ermənistan və ABŞ “Sülhün kəsişməsi” layihəsinin inkişafı ilə bağlı niyyət memorandumu imzalayıblar: "Burada biz ABŞ ilə bu layihənin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həyata keçiriləcəyinə dair razılığa gəlmişik və orada ABŞ sərmayə qoymaqda maraqlıdır. Bu, obyektiv reallıqdır, qalanı subyektiv reallıqdır.
Amma mən onu da istisna edə bilmərəm ki, obyektiv və subyektiv şəraitə görə bu ad Azərbaycanda o qədər məşhurlaşıb ki, Azərbaycan öz ərazisindən keçən istənilən infrastrukturu, o cümlədən Trampın yoluna qoşulmalı olan infrastrukturu istənilən adla adlandıra bilər. Amma bunun Ermənistanın suveren ərazisi, gündəliyi və Vaşinqtonda əldə olunmuş razılaşmalarla heç bir əlaqəsi yoxdur".
Ağarza Elçinoğlu