Rusiyanın Ukraynaya işğalı davam edərkən, Ukrayna hakimiyyətindən diqqətçəkən bir iddia gəlib.
"Unikal" xəbər verir ki, Ukraynadakı atom elektrik stansiyalarının istismarına cavabdeh olan səlahiyyətlilərin verdiyi açıqlamada, Çernobıl AES-i işğal edən Rusiya qüvvələrinin tədqiqat laboratoriyalarından onları öldürə biləcək radioaktiv materialları oğurladığı bildirilib.
"Rus əsgərləri ərazidəki iki laboratoriyanı qarət edib və Ekomərkəz tədqiqat bazasının poliqonuna soxularaq 133 yüksək radioaktiv material oğurlayıblar", - deyə rəsmilər vurğulayıb.
Bununla yanaşı, Ukraynanın energetika naziri German Qulaşçenkonun sözlərinə görə, rus əsgərləri özlərini "şok" miqdarda nüvə radiasiyasına məruz qoyublar, bəzilərinin ömrünün bir ildən az qalması mümkündür.
“Hər bir rus əsgəri vətənə (red. Rusiya Federasiyası) Çernobıldan bir parça gətirəcək. Ölü və ya diri. Rus əsgərlərinin məlumatsızlığı insanı şoka salır”, - deyə o, ifadə edib.
Qeyd edək ki, fevralın 24-də Ukraynanın işğalının ilk günlərində Rusiya qüvvələri Çernobılı ələ keçirib və martın 31-dək bu ərazini təxminən bir aya yaxın saxlayıblar.
Gülayə Mecid