Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) daha 44,4 min fermerə təxminən 21,7 milyon manat əkin subsidiyası ödəyib.
Nazirlikdən "Unikal"a verilən məlumata görə, bununla da, payızlıq əkinlərə görə subsidiya almış fermerlərin sayı 277 minə, ümumi ödəniş məbləği isə 173,4 milyon manata çatıb.
Bu gün ödənilən subsidiyalar 111 min 572 hektar əkin sahəsini əhatə edib. 2021/2022-ci il üçün ümumilikdə 880 min 92 hektar əkin sahəsi üzrə subsidiya ödənilib.
Subsidiyalar “Fermer kartı”larına köçürülür. Fermerlər qanunvericiliyə uyğun olaraq, karta köçürülmüş vəsaitin 25%-ni bankomatlar vasitəsilə nağdlaşdıra, 75%-ni isə qeyri-nağd şəkildə kənd təsərrüfatı istehsal vasitələri, o cümlədən mineral gübrə, pestisid, bihomus, herbisid, toxum ala bilər, həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınmasına və qurulmasına sərf edə bilərlər.
Hazırda payızlıq əkinləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etmiş fermerlərin əkin məlumatları və torpaq sənədlərinin yoxlanması davam edir. Sahələrində monitorinqlər başa çatmış, torpaq sahələrindən verdikləri aqrokimyəvi analizin nəticələrini, sahələrini sığorta etdirmələrinə dair müqavilələrin surətini EKTİS-ə daxil etmiş fermerlərin siyahısı hazırlanır və hər həftə bu siyahılar üzrə subsidiyaların ödənilməsi elektron qaydada həyata keçirilir.