SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Açıq mikrofon" aksiyası çərçivəsində Yardımlı rayonunun Pirembil kəndində vətəndaşlarla görüş keçirib.
"Unikal" xəbər verir ki, ilk olaraq Birlik rəhbəri və Birliyin digər məsul şəxsləri Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər. Ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsi ehtiramla yad edilib.
Daha sonra aksiya iştirakçılarına müraciət edən baş direktor onların qaz təchizatı ilə bağlı üzləşdikləri çətinlikləri keçirilən aksiyanın adına uyğun olaraq, açıq şəkildə səsləndirmələrini xahiş edib. Birliyin baş direktoru Ruslan Əliyev, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov sakinlərin qaz təsərrüfatına dair problem və təkliflərini yerindəcə dinləyiblər.
Yardımlı rayonunun Pirembil kənd sakinləri sözügedən kəndin çətin relyef şəraitində yerləşdiyini, payız-qış mövsümlərinin daha sərt keçdiyini bildirərək bu kəndin qazlaşdırılmasını xahiş ediblər. İndiyədək təşkil olunan aksiyaların hər birinin müsbət istiqamətdə həllini tapması vətəndaşların aksiyaya inam və marağını daha da artırır. Məhz bu səbəbdən "Səyyar qəbul otağı"nın imkanlarından istifadə etmək üçün ətraf kəndlərdən də xeyli sayda sakin aksiya keçirilən ünvana üz tutub. Ərus, Çay Üzü, Dəryavar, Nisəqələ kəndlərinin sakinləri mavi yanacaq olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. Onlar alternativ yanacaq mənbəyi kimi odunla bağlı da problemlərinin olduğunu bildirərək mavi yanacaqla təmin olunmalarını xahiş ediblər.
Birlik rəhbəri daxil olan müraciətlərlə bağlı yerindəcə izahatlar verərək ünvanlanan hər bir müraciətin araşdırılaraq məlumat verilməsi ilə bağlı tapşırıq verib. Bu il qazlaşması nəzərdə tutulan kəndlərin siyahısı vətəndaşlara təqdim edilib. Ümumilikdə Yardımlı rayonu üzrə bütün kənd və yaşayış massivlərinin mərhələli şəkildə mavi yanacaqla təmin ediləcəyi vətəndaşların diqqətinə çatdırılıb.