44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn abşeronlu şəhidlərin övladlarının Bakı şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.
"Unikal" xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin binasının qarşısından başlanan səfər zamanı RİH başçısı Abdin Fərzəliyev şəhid ailələri və övladları ilə görüşüb, onların qayğıları ilə maraqlanaraq xatirə fotosu çəkdirib.
Ekskursiyada şəhidlərimizin ailələrini RİH əməkdaşları və İctimai Şuranın könüllüləri müşayiət edib.
Gəzinti zamanı şəhid övladlarına Heydər Əliyev Mərkəzi haqqında danışılmış, ümumilli lider Heydər Əliyev və onun gördüyü işlər haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, Mərkəzdə Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə məlumatlar toplanılıb. Mərkəz Ulu Öndərin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.
Şəhid övladları adından xatirə olaraq Xarı bülbül simvolunu əks etdirən əl işi mərkəzə hədiyyə edilib.
Daha sonra uşaqlar üçün əyləncəli-bədii proqram təqdim olunub, şəhid övladları şeirlər söyləyib, mahnılar ifa edib və onlara xüsusi hədiyyələr təqdim olunub.