Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdyi uğurlu daxili-xarici siyasət nəticəsində ölkəmiz davamlı olaraq inkişaf edir və güclənir. Vətən Müharibəsində qazandığımız möhtəşəm Zəfərimiz də Azərbaycanın güclü dövlət olduğunu bütün dünyaya sübut etdi. Dünyada mövcud olan hər bir ölkə isə güclü dövlətlərlə dostluq və əməkdaşlıq münasibətlərinin qurulmasında maraqlıdır. Məhz bu səbəbdən də ölkəmizlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı durmadan artır. Sıx əməkdaşlıq edən ölkələrlə münasibətlər isə daha da inkişaf edərək strateji tərəşdaşlıq və müttəfiqlik səviyyəsinə gəlib çatır.
Bu günlərdə ölkəmizlə strateji tərəfdaş olan ölkələrdən biri də Qırğızıstan oldu. Belə ki, aprel ayının 19-20-də Azərbaycana rəsmi səfərə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti tərəfindən qəbul olundu və ölkələrimiz arasında 10 mühüm sənəd imzalandı. Bu, on sənəddən ikisi daha xüsusi əhəmiyyətə malikdir. Onlardan biri Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, digəri isə Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumdur.
Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması bu vaxta kimi ölkələrimiz arasında olan əməkdaşlığın yeni mərhələyə keçməsi kimi də qiymətləndirilə bilər. Bu Bəyannamə hər iki ölkəni məhz strateji xarakterli əməkdaşlığa istiqamətləndirmək məqsədi daşıyır. Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum isə ikitərəfli, regional və beynəlxalq məsələlərin müntəzəm müzakirə olunmasına şərait yaradacaqdır.
Ortaq mədəni və tarixi irsə malik olan ölkələrimizin mövqeləri hər zaman üst-üstə düşür. Bunu ölkələrimizin üzv olduğu beynəlxalq təşkilatlarda görmək mümkündür. Belə ki, Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlarda üzv olan ölkələrimiz hər zaman bir-birini dəstəkləyir.
Aprelin 20-də ölkələrimiz arasında imzalanan sənədələrə əsasən bundan sonra ölkələrimiz daha səmərəli fəaliyyət üçün müəyyən sahələrdə səylərini birləşdirəcəklər. Bura xüsusilə kənd təsərrüfatı, Qırğızıstanda müasir elektrik müəssisələrinin yaradılması və sair sahələr daxildir. Eyni zamanda nəqliyyat infrastrukturu və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylərin birləşdirilməli olduğu qərara alınıb. Bir sözlə, imzalanmış sənədlər Azərbaycan-Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə çatdığından xəbər verir. Həmçinin bu sənədlər gələcək münasibətlərin dərinləşməsinə də xidmət edəcəkdir.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri