ABŞ dolları dünya bazarında əksər səbət valyutalarına nisbətən möhkəmlənməkdə davam edir.
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Avropa İttifaqında müşahidə edilən durğunluq fonunda avro da ABŞ puluna nisbətən dəyərsizləşməkdədir:
"Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra avro dollara nisbətən 7 faizdən çox dəyər itirib. Strateji məhsulların qiymətlərində azalmalar müşahidə edilir. Çində tətbiq edilən sərt karantin tədbirləri neftin qiymətinin 5 faiz azalmasına səbəb olub. Birjalarda volatilliyin artmasına həmçinin dolların möhkəmlənməsi də təsirsiz ötüşmür. ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) mayın 3-də yenidən toplanacaq. ABŞ-da müşahidə edilən inflyasiya səbəbindən FED-in uçot dərəcəsini yenidən artıracağı gözlənilir. Rusiya-Ukrayna müharibəsi fonunda FED uçot dərəcəsini daha çevik yüksəltməyi hədəfləyir. Bu isə dünya bazarında dolların kursunun daha da möhkəmlənəcəyindən xəbər verir. Digər tərəfdən, birjalardakı qeyri-müəyyənlik konteksində investorların valyuta bazarlarına sərmayələri də artır ki, bu da dolları daha da gücləndirir".
Dünya bazarında möhkəmlənən dolların manata necə təsir edəcəyinə gəlincə, deputat bildirib ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir.
"Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan, Fondun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçilməyib. Manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə növbəti dövrlərdə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".
Anar Kəlbiyev