Azərbaycanda 5 və daha çox uşağı övladlığa və qəyyumluğa götürən qadınlar erkən pensiyaya çıxa biləcək.
"Unikal"ın xəbərinə görə, bununla bağlı "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Layihədə qeyd edilib ki, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlarla yanaşı, 5 və daha çox uşağı övladlığa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlara, habelə 5 və daha çox uşağı səkkiz yaşınadək tərbiyə etmiş qəyyum qadınlara da güzəştli şərtlərlə erkən pensiya hüququ veriləcək.
Eyni zamanda 5 və daha çox uşağı doğub, onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlara uşaq sayından asılı olmayaraq 5 il güzəştli şərtlərlə erkən pensiya hüququnun verilməsi təklif edilir.
Başqa sözlə, hazırda qüvvədə olan qanunun 8.1-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Dəyişikliyə əsasən, beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olacaq.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Anar Kəlbiyev