Aprelin 25-də Kürdəmir Heydər Əliyev Mərkəzində Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Ağamusa Axundovun 90 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə görkəmli elm və ədəbiyyat xadimləri, Kürdəmir şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib. Xatirə tədbiri çərçivəsində akademik Ağamusa Axundovun həyat və fəaliyyətinə həsr olunan sərgi açılıb.
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Filialının müdiri Yaqut Bahadırqızı Ağamusa Axundovun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib, görkəmli alimin Azərbaycan dilçilik elminin inkişafındakı böyük xidmətlərindən danışıb.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar akademik Ağamusa Axundov haqqında xatirələrini bölüşüb, onu şəxsiyyət və alim kimi yüksək dəyərləndirib: “Ağamusa müəllim haqqında düşünəndə insanın ürəyinə işıq, ən gözəl hisslər, ən gözəl xatirələr gəlir. Mənsub olduğumuz 60-cılar nəsli ədəbiyyata gələndə bizi ilk müdafiə edənlərdən biri Ağamusa müəllim idi. Bunu heç vaxt unutmayacağam. Daha sonralar Ağamusa Axundovun ədəbiyyatımız, dilçiliyimiz, müasir şeirimiz və nəsrimiz haqqında dəyərli kitabları çap olundu və o, özünü Azərbaycanın ən görkəmli alimlərindən biri kimi təsdiq elədi. Ağamusa müəllimin haqqında düşünəndə ağlıma gələn ilk söz arxayınçılıq sözü olur. O, ailəsindən, sənətindən, ədəbiyyat və elmdəki yerindən, ədəbiyyatımızın gələcəyindən arxayın idi. Ağamusa Axundov arxayın idi ki, bütün keçəri şeylər sovuşub gedəcək, əbədi dəyərlər qalacaq. O, həyatını bu əbədi dəyərlərin təsdiqinə həsr etmişdi. Ağamusa müəllimin xatirəsi mənim üçün çox əzizdir. Allah ona qəni-qəni rəhmət eləsin”.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Ağamusa Axundovun ailəsi adından tədbirin təşkilinə görə Kürdəmir rayon İcra Hakimiyyətinin rəhbərliyinə və rayon ictimaiyyətinə təşəkkürünü bildirib: “Ağamusa müəllimin xatirəsini yaşadan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Tədbirdə iştirak etdiyi üçün Xalq yazıçısı Anara minnətdarlığımı bildirirəm. Anar müəllimi və Ağamusa Axundovu kübarlıq, ağayanalıq, şərəf və ləyaqət sahibi olmaq kimi anlayışlar birləşdirir. Akademik həmkarlarıma təşəkkür edirəm ki, Ağamusa müəllim haqqında çox maraqlı, ətraflı çıxışlar etdilər. Mən xoşbəxt adamam ki, on beş yaşımdan Ağamusa müəllimlə təmasda olmuşam, ondan həyat dərsi almışam. O, mənim auditoriyada müəllimim olub. Daha sonra həyatda müəllimliyimi davam etdirib. Tale elə gətirib ki, Ağamusa müəllim xəstələnəndən sonra Azərbaycan Milli Elmlər Akademiyasının ictimai və humanitar elmlər bölməsinin akademik katibi mən olmuşam. Həmin bölmədə ondan sonra çalışmaq son dərəcə rahat idi. Ağamusa müəllim elə səliqə-sahman, elə bir iş üslubu yaratmışdı ki, 17-18 institutu birləşdirən o bölmədə son dərəcə nikbin elmi ab-hava hökm sürürdü. Azərbaycan dilçiliyinin elə bir sahəsi yoxdur ki, Ağamusa Axundov orada öz yekunlaşdırıcı, inandırıcı sözünü söyləməsin, o sahəyə bir işıq altında baxmağı təklif eləməsin”.
Akademik Kamal Abdulla Ağamusa Axundovun təvazökarlığından, insanlara olan son dərəcə diqqət və qayğısından söz açıb: “Əgər Ağamusa müəllim sağ olsaydı bu tədbirin keçirilməsinə razı olmazdı. Yaxınları, dostları təsdiq edə bilərlər ki, ad günlərinə, yubileylərinə münasibəti həmişə belə olub. Hər birinizə bir daha minnətdaram”.
Tədbirdə eyni zamanda akademik Ağamusa Axundov haqqında dünya alimlərinin fikirləri video-çarx vasitəsi ilə səsləndirilib, məktəblilər tərəfindən ona həsr olunan şeirlər oxunub.