Bu ilin ilk rübündə Azərbaycanın qeyri-neft ixracatı 727 milyon dolları keçib və bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 45 faiz artım deməkdir.
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, qeyri-neft ixracatında diqqəti çəkən əsas məqamlardan biri uzun müddət enerjidən kənar ixracda birinci olan Rusiyanın xüsusi çəkisinin azalmasıdır.
"Ötən il ümumi 2.7 milyard dollarlıq qeyri-neft ixracatımızın 32.3 faizi Rusiyanın payına düşürdü. Xaricə neftdən kənar göndərdiyimiz hər 3 məhsuldan 1-ni alan şimal qonşumuz kənd təsərrüfatı və bir sıra sənaye mallarının əsas alıcısı idi. Artıq qeyri-neft ixracatımızın strukturu dəyişməkdədir. Bu ilin ilk rübündə Azərbaycanın qeyri-neft ixracatında Türkiyə birinci yerdədir. Bu müddətdə Türkiyəyə 255.2 milyon dollarlıq qeyri-neft məhsulu göndərilib. Rusiyaya isə cəmi 149.4 milyon dollar neftdən kənar məhsul göndərilib. Qardaş Türkiyəyə göndərdiyimiz qeyri-neft məhsulunun həcmi Rusiya ilə müqayisədə 1.7 dəfə çoxdur. Bu müddətdə qeyri-neft məhsullarının 47.4 milyon dolları Gürcüstan, 33.3 milyon dolları İsveçrə, 28.9 milyon dolları isə ABŞ-a ixrac olunub".
Deputat qeyd edib ki, bu ilin mart ayında da qeyri-neft sektoru məhsulları ixrac edilən ölkələrin siyahısında Türkiyə (101,9 milyon dollar) birinci olub:
"Bu siyahıda Rusiya ikinci (30,4 milyon dollar) və Gürcüstan üçüncü (19,3 milyon dollar) olub. Türkiyənin qeyri-neft ixracatımızda önə çıxması qardaş ölkəyə göndərdiyimiz məhsulların müqayisəli şəkildə daha çox şaxələndirilməsi ilə bağlıdır. Təbii ki, Rusiya-Ukrayna müharibəsi kontekstində şimal qonşumuz ilə ticarət əlaqələrinin əvvəlki il ilə müqayisədə azalacağı istisna edilmirdi. Türkiyənin hər zaman öndə olması sevindiricidir".