ABŞ prezidenti Co Bayden cümə günü Ukraynaya 150 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqləyib.
"Unikal" "Reuters" agentliyinə istinadən xəbər verir ki, yardım Kiyevə əlavə artilleriya sursatları, radarlar və digər avadanlıqların verilməsini nəzərdə tutur.
"Bu gün Birləşmiş Ştatlar öz ölkəsini müdafiə edən cəsur Ukrayna xalqına güclü dəstək verməyə davam edir", - deyə Bayden bildirib.
Yeni paketə 25 000 ədəd 155 mm-lik artilleriya mərmisi, artilleriya əleyhinə radarlar, səhra avadanlığı və ehtiyat hissələri daxildir.
Bayden həmçinin bildirib ki, ABŞ Konqresi Ukraynanı döyüş meydanında və danışıqlar masası arxasında gücləndirmək üçün tələb olunan maliyyəni tezliklə təmin etməlidir.