Avro dollara və digər əksər səbət valyutalara nisbətən dəyər itirməkdə davam edir. Rusiya-Ukrayna müharibəsi başlanan gün dollara nisbətən 1.13 məzənnəsi ilə dəyişdirilən avro artıq 1.04 kursunadək ucuzlaşıb. Bu avronun müharibə başladıqdan sonra 14 faiz dəyərsizləşməsi deməkdir.
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, avronun ucuzlaşması sanksiyaların qarşılıqlı olaraq Avropa iqtisadiyyatına təsirləri ilə bağlı olsa da, dolların qlobal valyuta bazarında möhkəmlənməsi də əsas faktorlardandır:
"Enerji məhsullarının qiymətlərindəki artım real sektora təsirsiz ötüşmür. Digər tərəfdən, Avropa qitəsində davam edən müharibə ittifaq ölkələrinin iqtisadi artım faizlərini azaldıb. Bu ilin ilk 4 ayında Avropa İttifaqında enerji məhsullarının qiymətində 38 faiz artım qeydə alınıb. Ötən ay isə Avropa İttifaqında son 30 ilin ən yüksək inflyasiyası qeydə alınıb. İstehlak bazarında ümumi qiymət artımı 7.5 faizə yüksəlib. 2022-сi il üçün 3.7 faiz artım proqnozlaşdırılan avrozanda ÜDM bu ilin birinci rübündə cüzi artıb. Müharibə uzanarsa, 2022-ci ildə iqtisadi artımın hətta 2 faizdən az olacağı gözlənilir".
Deputat qeyd eidb ki, müharibə uzandıqca avronun ucuzulaşması davam edəcək:
"Hələlik Avropa Mərkəzi Bankı avronun məzənnəsinə təsir edəcək addımlar atmaqda israrlı görsənmir. Bu isə o deməkdir ki, hələlik avronun əvvəlki mövqelərinə qayıtması mövcud şərtlər daxilində real görsənmir. Müharibənin ən çox neqativ iqtisadi təsir etdiyi qitə isə sözsüz avronun işləndiyi Avropa olaraq qalmaqdadır".