Kiyevin Peçersk rayon məhkəməsi şəxslərin dövlət sərhədindən qanunsuz keçirilməsini təşkil etməkdə şübhəli bilinən Ukraynanın keçmiş prezidentinin həbs-qətimkan tədbiri seçib.
"Unikal" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
İstintaqın məlumatına görə, eks-prezident 2014-cü il fevralın 23-də Donetsk vilayətinin Urzuf kəndi yaxınlığında olub. Həmin gün o, dövlət təhlükəsizlik işçiləri və Rusiya nümayəndələri ilə birlikdə Rusiya Silahlı Qüvvələrinə məxsus üç helikopterin köməyi ilə azı 20 nəfəri qanunsuz olaraq Ukraynanın dövlət sərhədindən keçirib. Onların hamısı Rusiyanın Krasnodar diyarının Anapa şəhərinə gəlib.
Cinayət Məcəlləsinin 332-ci - Ukraynanın dövlət sərhədindən qeyri-qanuni insanların daşınmasının təşkili maddəsinə görə onu 3 ilədək müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
2014-cü ildə Yanukoviç qaçdıqdan sonra polis ona qarşı 10-a qədər cinayət işi açıb. Yanukoviç Mejihirya və Suxoluçye iqamətgahlarının qanunsuz zəbt edilməsi, “diktatura qanunları” üçün səsvermənin nəticələrinin saxtalaşdırılması, Maydan fəallarına qarşı cinayətlər, çoxsaylı ağır iqtisadi cinayətlər və müəllif kitabları üçün qonorar adı altında gizlənən rüşvət və s. işlərdə iştirak edib.
Gülayə Mecid