Avtomobil istehsalçısı "Ford" qəfil yanğın riskini artıran qüsur səbəbindən 39 min yolsuzluq avtomobilini geri çağıracaq.
"Unikal" xəbər verir ki, bu barədə şirkətin yaydığı bəyanatda bildirilir.
Qeyd olunur ki, şirkətə avtomobillərdə baş verən yanğınlarla bağlı 16 müraciət daxil olub. Hazırda "Ford" problem həll olunana qədər avtomobilləri açıq havada, binalardan uzaqda saxlamağa çağırır.
Avtomobil istehsalçısı bildirib ki, mühərrikdə alovlanma avtomobil hərəkətdə olarkən, park edilərkən və hətta avtomobil işləmədiyi zaman da baş verə bilər. Şirkət hələ də bu problemi necə həll edəcəyini bilmir. Yanğınlar zamanı xəsarət alan olmayıb, yanan avtomobillərin əksəriyyəti icarə xidmətlərinə məxsus olub.
Geri çağırma 2021-ci il Ford Expedition və Lincoln Navigator modellərinə şamil ediləcək. "Ford" 310 min Super Duty F-250, F-350, F-450 və F-550 yük avtomobillərini nasaz hava yastığı probleminə görə geri çağırdığını da açıqlayıb.
"Ford" bu il digər avtomobil istehsalçılarından daha çox avtomobili geri çağırıb. Şirkət 30 dəfə avtomobillərin geri çağırdığını elan edib və bu, 3,5 milyon avtomobilə şamil olunub.