Beynəlxalq hərbi ekspertlərin hesablamalarına görə, Ukrayna ilə bir günlük müharibə Rusiyaya 500 milyon dollara və ya 35 milyard rubla başa gəlir.
"Unikal" xəbər verir ki, bunu keçmiş maliyyə naziri Fikrət Yusifov deyib.
Onun sözlərinə görə, bu hesabla, müharibənin bir ay davam etməsi Rusiya hökuməti üçün 15 milyard dollar və ya 1,1 trliyon rubl əlavə xərc deməkdir.
"Yeri gəlmişkən, rusiyalı müstəqil hərbi ekspertlər barəsində danışdığımız xərclərin daha çox – yəni müvafiq olaraq 20 milyard dollar və 1,4 trliyon rubl olduğunu israr edirlər. Müharibə bir il davam etsə, o, Rusiya hökumətinə 180 milyard dollara və ya 12,6 trliyon rubla başa gələcək. Məlumat üçün bildirək ki, əhalisinin sayı 145 milyon nəfərdən bir qədər artıq olan Rusiyanın 2022-ci il üçün federal büdcə xərcləri 23,7 trliyon rubl nəzərdə tutulub. Beləliklə, müharibə davam edərsə, Rusiya hökuməti bir illik federal büdcəsinin xərclərinin yarısından çox - yəni 12,6 trliyon rubl əlavə xərclər etməli olacaq. Rəqəmlərin ölçülərini daha qabarıq göstərmək üçün bir müqaisə aparaq. 2022-ci ildə əhalisinin sayı 18 milyon nəfərə yaxın olan Moskva şəhərinin büdcə xərcləri 3,63 trilyon rubl, əhalisinin sayı 6 milyon nəfərdən çox olan Sankt-Peterburq şəhərinin büdcə xərcləri isə cəmisi 971,5 milyard rubl təşkil edəcək".