Müdafiə Nazirliyi törətdiyi avtoxuliqanlıq hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdəki özünə məxsus hesablarında paylaşan və hərbi qulluqçu olduğu qeyd edilən şəxslə bağlı məlumata münasibət bildirib.
"Unikal" xəbər verir ki, məlumatda deyilir:
"N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər Məlikov Əziz Soltanpaşa oğlu xidmət müddəti ərzində intizamsızlıq göstərərək hərbi hissəni özbaşına tərk edib, eləcə də digər qanunsuz hərəkətlərə yol verib. Bununla bağlı Ə.Məlikov barəsində lazımi sənədlər toplanaraq araşdırılması məqsədilə cari ilin mart ayında xidmət etdiyi qarnizon Hərbi Prokurorluğuna göndərilib. Aprelin 11-də onun barəsində cinayət işi qaldırılaraq haqqında Azərbaycan Respublikasının qanunları çərçivəsində zəruri tədbirlərin görülməsi üçün sənədləri Respublika Hərbi Prokurorluğuna təqdim edilib".
***10:55
Bakıda hərbi xidmətdə olan iş adamının oğlu avtoşluq edərək bu görüntülərini sosial şəbəkələrdə paylaşıb.
"Unikal" xəbər verir ki, video “avtosfer.az” saytında yayımlanıb. Araşdırmalar zamanı əməlləri törədən şəxsin Məlikov Əziz Soltanpaşa oğlu olduğu müəyyən edilib. Məlum olub ki, həmin şəxs hərbi xidmətdə ola-ola bu əməlləri törədib. Daha sonra avtoxuliqanlıq əməlini videoya çəkərək sosial şəbəkələrdə paylaşıb. Əziz Məlikovun tanınmış iş adamının oğlu olduğu bildirilir.
Dövlət Yol Polisinin araşdırmaları zamanı məlum olub ki, aprelin 26-da gecə saat 01:32 radələrində Nəsimi rayonu Cavadxan küçəsi ərazisində 99-BC-181 dövlət nömrə nişanlı, "Chevrolet Cruze" markalı avtomobilin sürücüsü Məlikov Əziz Soltanpaşa oğlu əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb. Sürücü bir neçə gün axtarıldıqdan sonra yeri müəyyən edilib və məlum olub ki, Əziz Məlikov hazırda hərbi hissədə xidmət keçir.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsi ilə protokol tərtib olunub. Ə.Məlikov hərbi xidmətdə olduğu üçün iş Bakı Hərbi Məhkəməsin göndərilib.