"AMEA rəhbərliyi ilə görüşə bilmirəm. Necə olur ki, Hüquq şöbəsinin müdiri geniş ictimaiyyətə açıqlama verərək, Vaqif Abbasova cinayət işi açıldığını deyir və bundan AMEA prezidentinin xəbəri olmur".
"Unikal" xəbər verir ki, bunu AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov akademiyanın Rəyasət Heyətinin xüsusi iclasında deyib.
O bildirib ki, rəhbərlik etdiyi institutun 552 əməkdaşı var və 11 ildə quruma 48 milyon pul ayrılıb: "Onun 36 milyonu əməkhaqqıdır. Bu pulun 4-5 milyonunu yemək olar, ay akademiklər. Rəyasət Heyətində qərar çıxarılsın və yoxlamaların nəticələri ortaya qoyulsun".
V.Abbasov söyləyib ki, guya üç il əvvəl başqa bir institut üçün cihaz alınıb və Neft-Kimya Prosesləri İnstitutuna təqdim olunub: "2017, 2018 və 2019-cu illərdə Neft-Kimya Prosesləri institutuna bir dənə də unikal cihaz alınmayıb. Mən institut üçün lazım olmayan cihazı inventar kimi qəbul edib saxlaya bilmərəm. AMEA tarixində ədalətsizliklərə görə özünü öldürən bir şəxs olub. O, Heydər Hüseynov olub, mən də ikincisi olaram. Mənə qara yaxmayın! İnstitutla düşmən olmayın".
Sonda baş direktor təkliflə çıxış edib: "İnstitut direktorlarının Rəyasət Heyətinin iclaslarında iştirakı təmin edilsin. Rəyasət Heyətində iclas qapalı olmamlıdır".