Müstəqil Azərbayan Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə özünün enerji starategiyasını müəyyənləşdirdi. “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin enerji siyasətinin uğurlu başlanğıc mərhələsi kimi tarixə yazıldı. Cənab Prezident İlham Əliyev hər bir sahədə olduğu kimi Ulu Öndərin enerji siyasətini də müasir zamanın tələbləri çərçivəsində uğurla həyata keçirərək Azərbaycanı dünyanın əsas enerji hasilatçısına çevirdi. Həyata keçirilən düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Avropanın, eləcə də dünyanın bir çox ölkələrinin enerji təhlükəsizliyini təmin edir. Nəticədə isə Azərbaycan öz iqtisadi imkanlarını artırmaqla yanaşı çoxlu sayda tərəfdaş qazanmış olur. Dünyada neft-qaz ölkəsi olaraq tanınan Azərbaycan bu məhsulların ixracında hər zaman maraqlı olub. Geniş formada ixrac imkanları isə ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı ilə başladı.
İyunun 1-də 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində çıxışı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev bu haqda danışarkən bildirdi ki, məhz Bakı-Supsa boru kəməri sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. Eyni zamanda, böyük qaz yataqlarının kəşfiyyatına başlanıldı və digər boru kəmərlərinin inşası həyata keçirildi. Bu sahədə həyata keçirlən layihələr ölkəmizin neft-qaz ixrac etmək imkanlarını davamlı olaraq artırdı. Azərbaycanın təşəbbüs və iştirakı ilə reallaşan Cənub Qaz Dəhlizi layihəsi isə müasir dünyanın meqa layihələrindən biridir. Cənub Qaz Dəhlizi layihəsinin reallaşması Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verilmiş böyük töhfədir. Eyni zamanda, Azərbaycan bu müasir infrasrukturdan istifadə edərək öz iqtisadi imkanlarını daha da artırır. Dünyanın böyük dövlətləri olan ABŞ və Birləşmiş Krallıq Azərbaycanın enerji siyasətini hər zaman dəstəkləyir. Məhz bu dəstək nəticəsində Cənub Qaz Dəhlizi layihəsinin icrası sahəsində effektiv nailiyyətlər əldə olunub. Belə ki, layihənin maliyyələşdirilməsinə dünyanın bir çox bank və investisiya fondları cəlb edilmişdir.
Avropada, eləcə də dünyada Azərbaycan qazına təlabat sürətlə artır. İstehlakçı ölkələr bilməlidirlər ki, qaz hasilatını birdən-birə artırmaq mümkün deyil. Bunun üçün danışıqlar aparılmalı, müqavilələr imzalanmalı, mövcud infrastrukturun ixrac imkanları genişləndirilməlidir. Bütün dünya bilir ki, Azərbaycan etibarlı tərəfdaşdır və bu vaxta kimi imzalanmış müqavilələrdə heç bir dəyişiklik edilməmişdir. Dünyanın tanınmış şirkəti olan BP ilə SOCAR arasında olan uzunmüddətli tərəfdaşlıq bu deyilənlərə əyani sübutdur. Azərbaycan hər zaman öz öhdəliklərinə hörmət edir və tərəfdaşlarından da öz öhdəliklərinə hörmət etməyi gözləyir.
Azərbaycanın enerji resurslarından əlavə geniş tranzit imkanları da mövcuddur. Baxmayaraq ki, bu vaxta qədər ölkəmizin tranzit imkanlarından bir o qədər də geniş miqyasda istifadə edilməyib, lakin bu gün Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir. Bu potensialdan da maksimum dərəcədə istifadə oluna bilər. Azərbaycanın şaxələndirilmiş ixrac marşrutları var. Belə ki, müxtəlif istiqamətlərə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəməri mövcuddur. Yaradılmış elektrik enerjisi xətləri vasitəsilə Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edir və Avropaya elektrik enerjisi ixrac etməyi hədəfləyir. Bundan əlavə, Azərbaycanda mövcud olan dəniz limanı, dəmir yol və avtomobil yolları, hava limanları ölkəmizin zəruri infrastruktura malik olmasının göstəriciləridir. İşğaldan azad edilmiş ərazilərdə yaradılan yol-nəqliyyat infrastrukturu, inşa edilən hava limanları mövcud imkanları daha da genişləndirəcəkdir.
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı zamanı cənab Prezident İlham Əliyev bildirdi ki, həyata keçirilən enerji layihələri Azərbaycanın iqtisadi potensialını davamlı olaraq artırır. Neft-qaz sektorundan əldə edilən gəlir qeyri-neft sektorunun da inkişaf etdiriləmsinə imkanlar yaradır. Cari ilə aid olan iqtisadi göstəricilərin müsbət olması sevindirici haldır. Daha bir sevindirici hal isə odur ki, aparılan düzgün siyasət nəticəsində Azərbaycanın xarici borcu ümumi daxili məhsulun yalnız 12.5 faizini təşkil edir ki, bu da aşağı göstəricidir və ölkədə münbit iqtisadi şərait yaradır.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri