İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub.
"Unikal" xəbər verir ki, Azərbaycanın və Özbəkistan dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı. Azərbaycanın və Özbəkistan Dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan əsgərlərini salamladı.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Özbəkistanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Şavkat Mirziyoyeva təqdim edildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.