Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümummilli lider Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz qardaşlıq münasibətləri üzərində qurulub.
"Unikal" xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Gəncə şəhərində Qafqaz İslam Ordusunun şəhidlərinin xatirəsinə ucaldılan abidənin açılış mərasimində bildirib.
Onun sözlərinə görə, münasibətlərin əsasında tarixi bağ dayanır. Səfir, həmçinin bildirib ki, Qafqaz İslam Ordusu komandanı Nuru paşanın 1918-ci il mayın 25-də Gəncəyə gəlişi gəncəlilər tərəfindən böyük sevinclə qarşılanıb:
"Nuru Paşanın ilk amalı Gəncədə mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı düşmənləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət idi. 1918-ci il iyunun 11-də Qafqaz İslam Ordusunun 13 mehmetciyi Gəncənin Şah Abbas məscidinin ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub".
Diplomat Gəncədə ucaldılan abidənin hər iki dövlət üçün çox böyük tarixi hadisə olduğunu qeyd edib.