Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Unikal" xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vilyam Hacıyevin vəkili Yusif İsmayılov zalda iştirak edən şəxslərdən birinə etiraz edib.
Vəkil bildirib ki, həmin şəxs Nəsrulla Nəsirov zalda çəkilişlər edib, onların işlərinə mane olur: "Bu şəxs mülki qaydada axtarışdadır. Onun zaldan kənarlaşdırılmasını istəyirik".
Hakim deyib ki, N.Nəsirov qaydanı pozsa, tədbir görüləcək.
Daha sonra Yusif İsmayılov müdafiə nitqi ilə çıxış edib. O bildirib ki, ittiham tərəfi ağır cəza istəyib və bu cəza başadüşülən deyil. Onun sözlərinə görə, V.Hacıyevin Azərbaycan dövlətinə xidmətləri olub və buna görə də təltif olunub.
"Bütün bu hallara qiymət verilməlidir. Bir səhfə görə xidmətlərin üstündən xətt çəkmək olmaz. Cəzanın təyin olunması da islah olunmaq deməkdir. Prokuror çıxışında Cinayət Məcəlləsinin 52 və 70-ci maddələrinin tələblərini nəzərə almayıb".
Vəkilin sözlərinə görə, Vilyam Hacıyevin səhhətində problemlər var: "Məhkəmə prosesi bir neçə dəfə Vilyam Hacıyevin səhhəti ilə bağlı dayandırılıb. Bununla bağlı məhkəməyə rəsmi cavab da verilib".
Vəkil çıxışının sonunda Vilyam Hacıyevin barəsində olan cinayət işinə bəraət verici əsaslarla xitam verilməsini istəyib.
Vilyam Hacıyevin digər vəkili Elmar Kərimov da çıxış edərək Vilyam Hacıyevin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Bundan sonra Vilyam Hacıyev son sözünə hazırlaşmaq üçün hakimdən 10 gün vaxt istəyib.
Növbəti proses iyulun 25-də davam edəcək.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.