Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtdakı “Location” gecə klubunda baş verən partlayışda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb.
"Unikal" xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslərdən biri - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov istintaq dövründə barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığına buraxılıb.
Məhkəmədə çıxış edən dövlət ittihamçısı Ruslan Məmmədovun barəsindəki ev dustaqlığı qərarının həbs qəti imkan tədbiri ilə əvəzlənməsini istəyib.
Yanğın təhlükəsizliyi üzrə məsul şəxs Rəsul Rəsulovun vəkili Umud Abdurrəhmanlı bildirib ki, müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi yoxdur. O qeyd edib ki, onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir.
Ruslan Məmmədovun vəkili Vasif Allahverdiyev prokurorun müdafiə etdiyi şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı çıxışına etiraz edib. Bildirib ki, onlar cinayət üzrə 40 zərərçıkmişlə rəsmi qaydada barışıq əldə ediblər, onlara dəymiş maddi ziyan ödənilib: "Ruslan Məmmədov az ağır cinayətlərdə ittiham edilir. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün əsaslar mövcud deyil".
Təqsirləndirilən Orxan Səfərlinin də vəkili çıxış edərək onun barəsində olan cinayət təqibinə xitam verilməsini istəyib. Qeyd edib ki, istintaq dövründə Orxan Səfərlinin barəsində olan cinayət işinə xitam verilməsi, onun həbsdən azad edilməsi barədə vəsatət versələr də, heç bir əsas gətrilmədən vəsatətlər təmin edilməyib.
Orxan Səfərlinin vəkili Muxtar Mustafayev qeyd edib ki, bu cinayət işi ibtidai istintaqa qaytarılmalıdır: "Bu işdə əsl günahkar olan şəxslərə ittiham verilməlidir. İttiham da daha ağır ittihamla əvəz olunmalıdır. İbtidai istintaq qanun pozuntusu ilə aparılıb".
Məhkəmədə dindirilən Elçin Rzayev deyib ki, prokurorluqda dindirilib, avtomobilinə ziyan dəyib. Qeyd edib ki, sonda zərərçəkmiş qismində tanınmayıb. O, cinayət işinin istintaqa qaytarılması, işdə onun zərərçəkmiş şəxs qismində tanınması barədə qərar qəbul edilməsini istəyib. Elçin Rzayev deyib ki, hadisə zamanı avtomobilini orada saxlayıb, ona 3500 manat ziyan dəyib.
Daha sonra hakimlər hazırlıq iclasının qərarını elan edib. Qərara görə, cinayət işi məhkəmə baxışına verilib.
Məhkəmə təqsirləndirilən şəxslərin vəkillərinin vəsatətlərini təmin etməyib. Ruslan Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorun vəsatəti təmin edilməyib. Onun barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri qüvvədə saxlanılıb.
Elçin Rzayevin müraciəti ilə bağlı məhkəmə heç bir qərar qəbul etməyib. Buna səbəb kimi onunla bağlı işdə heç bir sənədin olmaması göstərilib. Onun diqqətinə çatdırılıb ki, bununla bağlı aidiyyəti üzrə qurumlara müraciət edə bilər.
Məhkəmə baxışı iyulun 25-nə təyin edilib.