Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluq edərək cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Unikal"a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus fərdi yaşayış evlərinə qanunsuz olaraq daxil olub, oradan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan 4 nəfər rayon sakinləri saxlanılıb. Araşdırmalar zamanı saxlanılan şəxslərin müxtəlif vaxtlarda rayonun Qaraxanlı və Xatınlı kəndlərində 10-a yaxın vətəndaşın evindən qızıl-zinət və nağd pul oğurladıqları məlum olub. Vətəndaşlara 20.000 manatdan çox maddi ziyan vuran şəxslər törətdikləri cinayət əməllərini etiraf ediblər.
İstintaq-əməliyyat tədbirləri nəticəsində həmin şəxslərə oğurladıqları əşyaları satmaqda köməklik edən şəxs də saxlanılıb.
Faktlarla bağlı tovuz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirlir.