İyulun 26-da paytaxtın Xətai rayonundakı Nizami parkında döyülərək öldürülən yeniyetmə ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. 

"Unikal"ın əldə etdiyi məlumata görə, Sərxan Mustafayevin ölümünə səbəb ürəyindən aldığı yumruq zərbəsi olub. Belə ki, ilk zərbədən sonra mərhumun ürəyində problem yaranıb və qarşı tərəf bunu hiss etməyərək onun üz-baş nahiyələrindən ağır yumruq zərbələri vurmağa davam edib. Nəticədə 2007-ci il təvəllüdlü S.Mustafayev həyatını itirib. 

Yeniyetmələr arasında mübahisəyə səbəb isə S.Mustafayevin 14 yaşlı tanışı Ömərə qarşı etdiyi hərəkət olub. Ömər boynundan zarafatla vurulmasını ciddi qəbul edərək, Sərxana ürəyindən zərbə endirib.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq davam edir.

Ağarza Elçinoğlu 

XXX

2022/0727 - 09:48

İyulun 26-ı saat 18 radələrində Xətai rayonu, Nizami parkının ərazisində 2007-ci il təvəllüdlü M.Məmmədovun (şərti) xəsarət alması və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xətai rayon prokurorluğundan "Unikal"a verilən məlumata görə, aparılmış araşdırmalarla, zərərçəkmişin tanışı 2006-cı il təvəllüdlü C.Əliyevin (şərti) şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yumruqla M.Məmmədovun üz və baş nahiyəsinə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

C.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.