Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinindən 7 kiloqramdan artıq narkotik vasitə olan marixuana götürülüb.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon sakini Taleh Əliyev saxlanılıb. İlkin olaraq onun üzərinə baxış keçirilərkən marixuana aşkar edilib. Daha sonra onun yaşadığı ünvana baxış zamanı 7 kiloqram 300 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.