Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanın Britaniyadakı səfirliyinə hücum edilməsi ilə bağlı açıqlma yayıb.
"Unikal" Dövlət Komitəsinin saytına istinadən xəbər verir ki, məlumatda bildirilir:
"Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin 2022-ci il avqustun 4-də bir qrup radikal dini dəstənin hücumuna məruz qalmasını, barbar və vandal düşüncənin təsiri altında olan qaragürüh dəstənin üzvlərinin Səfirliyin yerləşdiyi binanın eyvanında üzərində şüarlar olan parçaların qaldırmasını və radikal dini şüarlarla çıxış etməsini kəskin şəkildə pisləyirik.
İslam dininə və onun ali dəyərlərinə zidd olaraq öz çirkin məqsədlərinə çatmaq üçün bu tip əməllərə yol verənlər bununla İslam dininə zərbə vurmuş olurlar. Mütərəqqi islami dəyərlərə həqarətlə yanaşıb din adından sui-istifadə edənlərin heç bir mənəvi-əxlaqi, hüquqi normalara sığmayan hərəkətləri Azərbaycan cəmiyyəti, dini cameəsi, o cümlədən ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalar tərəfindən də qətiyyətlə pislənilir. İslam dünyasının bir parçası olan Azərbaycan dünyəvi dövlətdir. Ölkəmizdə dinimizə, islami dəyərlərə hərtərəfli diqqət, qayğı göstərilir. Dini etiqad azadlığının, multimədəni harmoniyanın əsas təminatçısı, milli-mənəvi dəyərlərin hamisi olan Prezident İlham Əliyev vətəndaşların dini inanclarının qorunmasını daim prioritet vəzifə kimi qarşıya qoymuşdur. Tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkəmizin dövlət-din modeli özündə İslam dünyasının ən unikal və mütərəqqi dəyərlərini birləşdirir, xalqımızın və dövlətimizin inkişafına maneçilik törədə biləcək dini fanatizmi, radikalizmi və ekstremizmi rədd edir. İstər məzhəblər, istərsə də dinlərarası münasibətlərin səviyyəsinə görə Azərbaycan həm Şərq, həm də Qərb üçün uğurlu örnəkdir. Bu gün ölkəmizin dünyada mədəniyyətlər və dinlərarası dialoqun aktiv təşkilatçısı olduğu beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən etiraf olunan həqiqətdir. Heç bir dini qrup və dini cərəyan Azərbaycanın beynəlxalq aləmdəki bu imicinə və böyük iradə tələb edən fəaliyyətinin nəticəsinə xələl gətirə bilməz.
Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında din pərdəsi altında törədilən, heç bir dini əqidəyə sığmayan, hüquqa zidd avantürist hadisəyə Azərbaycan hökumətinin münasibəti ifadə olunmuşdur. Belə təxribatçı cəhdlər möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz və əminik ki, tez bir zamanda xalqımızın şərəf və qürur abidəsi sayılan bayrağımıza hörmətsizlik edənlər, Səfirliyin binasında vandal əməllərə yol verənlər öz layiqli cəzalarını alacaqlar".