"Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 may 2018-ci il tarixli Sərəncamına əsasən əfv olunan 1995-ci il təvəllüdlü Quliyev Şirvan Xanəhməd oğlu yenidən həbs edilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, o, 2022-ci ilin fevral ayında paytaxtın Qaradağ rayonunda yerləşən kafelərin birində əmisi Bayram Quliyevi sağ qarın nahiyəsindən bıçaqlayıb. Belə ki, B.Quliyev masadan kənara çəkilib və onun qardaşı oğlu Ş.Quliyev ofisiantı çağıraraq limon doğramaq üçün bıçaq tələb edib. B.Quliyev masaya qayıtdığı zaman Ş.Quliyev onunla mübahisə edib və əmisinə bıçaq xəsarətləri yetirib. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, qardaşı oğlu Şirvan Quliyevlə barışdığını, ona qarşı heç bir şikayəti və iddia tələbi olmadığını bildirib, bununla bağlı yazılı ərizəsini məhkəməyə təqdim etdiyini qeyd edib.
Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) və 221.3 (Xuliqanlıq) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Şirvan Quliyevə 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Murad İbrahimli