Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayonun Aşağı Kürkənd kənd sakinləri Cəlal Əkbərov və Namid Əsgərov saxlanılıblar.
Həmin şəxslərin yaşadıqları ünvanlara keçirilən baxış zamanı C.Əkbərovun həyətindən 1 kiloqram 630 qram marixuana və yaş çəkisi 9 kiloqram olan 8 ədəd çətənə bitkisi, N.Əsgərovun həyətindən isə 200 qrama yaxın marixuana və yaş çəkisi 7 kiloqram olan 10 ədəd çətənə bitkisi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Əvvəllər də məhkumluq həyatı yaşayan qonşular dindirilmə zamanı narkotiklərin kultivasiyası ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Salyan RPŞ-də cinayət işləri açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.