Xalq artisti Naibə Allahverdiyeva "Evinizin qonağı" proqramına qonaq olub.
"Unikal" xəbər verir ki, aktrisa son vaxtlar serial və filmlərdə rol almamasından danışıb.
N.Allahverdiyeva bildirib ki, onu ssenari qane etmir:
"Aktyorluq asılı sənətdir. Gərək səni dəvət edələr. Mən elə aktrisayam ki, kaprizliyəm. Dəvət alanda ilk əvvəl ssenarist və rejissorla danışıram. Gərək zəngin xarakter ola. Artıq o yaşımdır, seçim edirəm. Əvvəl elə rejissorlarla işləmişəm ki, seçim edə bilmirdim. Bu cür rejissorlar dəvət edirdi və şansım idi".
Aktrisa "Yarımştat" tamaşasındakı məşhur "Tomka" obrazından danışıb:
"Sözügedən tamaşa axşam yayımlandı, səhər məşhurlaşdım. Şərif Qurbanəliyev tələbə yoldaşım idi. Yarımştat tamaşaçı çəkiləndə zəng etdi ki, kiçik obraz var. Dedim, o qədər tamaşa çəkirsən, mənə balaca obraz verirsən. Qayıtdı ki, özünü təsdiq et bu obrazla. Bilirsən, Telman Adıgözəlov, Yaşar Nuri, Afaq Bəşirqızı, Arif Quliyevlə çəkiləcəksən. Özümü pis hiss etdim ki, onların qarşısında nə edəcəm? Getdim, qızardım, utanıram danışa bilmirəm, tər tökürəm. Məşqdən sonra Yaşar Nuri deyib ki, bunu hardan tapıb gətirmisiniz, danışa bilmir. Şərif deyib, utanır. Qayıtdı ki, o cür rollar oynamısan, sənə nə oldu. Dedi, get çalış. Səhərə kimi yatmadım, ağladım. Özümə dedim ki, elə oynamalısan ki.. Gecə-gündüz 1 ay çalışdım, 10 dəqiqəlik rolum var idi. Ramiz Mirzəyev oynayandan sonra mənə dedi "bravo""