""Açıq mikrofon" aksiyası çərçivəsində bundan öncə də Sumqayıt şəhərində sizlərlə görüşümüz baş tutub. Yenidən burada olmağımızın səbəbi qaz təsərrüfatına dair üzləşdiyiniz problem və çətinlikləri sizlərdən eşitmək və SOCAR "Azəriqaz" İstehsalat Birliyinin səlahiyyətləri çərçivəsində sizə yardımçı olmaqdan ibarətdir".
"Unikal" xəbər verir ki, bu sözləri "Azəriqaz" İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev Sumqayıt şəhərində vətəndaşlarla keçirilən görüş zamanı bildirib. Görüşdə iştirak edən bir neçə Qarabağ döyüşlərinin iştirakçısı fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı müraciət ediblər. Bundan əlavə sakinlər "Səyyar qəbul otağı"nın imkanlarından yararlanaraq qaz xəttinin yerinin dəyişdirilməsi, bəzi hallarda təbii qazın təzyiqinin aşağı olması, sonradan ödənişli sayğacın əvvəlcədən ödənişli sayğacla əvəz olunması ilə bağlı müraciət ediblər. Daxil olan bütün müraciətlər Birliyin məsul şəxsləri tərəfindən cavablandırılıb, vətəndaşlara lazımi izahatlar verilib.