Artur Rəsizadənin ilginc unutqanlığı
12:34 02-03-2013
İQTİSADİYYAT
Azərbaycanda özəlləşdirməyə nəzarətsizlik dövlət büdcəsinə necə zərbə vurur?
Fevralın 28-də baş nazir Artur Rasizadənin sədrliyi ilə Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyasının yaradılmasının növbəti ildönümü oldu. Bu isə ilginc bir məqamı ortaya çıxarıb.
Bu məqamdan belə çıxır ki, baş nazirin müəyyən yaddaş problemi var. Söhbət nədən gedir? Deyəsən, 78 yaşlı baş nazir unudub ki, 6 il əvvəl prezident sərəncamı ilə ona tapşırılıb ki, 1 ay müddətinə komissiya barədə əsasnamə hazırlasın və onu ölkə rəhbərliyinə təqdim etsin. O bir ay 6 ilə çevrilib, amma nə həmin komissiyadan əsər-əlamət var, nə də onun əsasnaməsindən. Bir sözlə, 6 ildönümü keçib, amma ortada qurumun özü faktiki olaraq yoxdur!
Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyasının yaradılması özəlləşmə barədə birinci və ikinci qanunda nəzərdə tutulurdu. Amma 13 nazir, 2 dövlət komitəsinin sədri, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrindən ibarət tərkibdə yaradılması barədə 2007-ci ilin fevralında sərəncam verildi. Bu vaxt isə artıq özəlləşmə çoxdan kütləvi şəkil almışdı. 1996-cı ildə dövlət əmlakı özəlləşdirilməyə başlayandan nə onun iqtisadiyyatın inkişafına müsbət təsiri, nə də özəlləşdirmədəki problemlər müzakirə edilməyib.
Bəzi ekspertlər sərəncamın icra edilməməsini heç də Nazirlər Kabineti rəhbərliyinin yaddaş problemi ilə izah etmirlər. Onların fikrincə, hökumətin bu «diqqətsizliyi» dövlət başçısının imzaladığı qanunvericilik aktlarının icrasına əlaqədar qurumların nəzarətinin zəif olduğunu göstərir. Bu və ictimai nəzarətin olmaması isə mənfi nəticələr, o cümlədən özəlləşmədən dövlət büdcəsinə daxil olan vəsaitin az olması ilə nəticələnə bilər. Ekspertlər hesab edir ki, yaxşı nəzarət üçün komissiyaya QHT təmsilçiləri də daxil edilməli idi.
Dövlət əmlakının özəlləşdirilməsi zamanı 42 144 kiçik müəssisə və obyekt (o cümlədən avtonəqliyyat vasitəsi) özəlləşdirilib, 1587 müəssisə səhmləşdirilib. Dövlət büdcəsinə özəlləşmədən 560 mln manat adxil olub. Naxçıvan MR-da özəlləşmə oranın öz qaydası ilə aparılır. Ölkənin başqa vətəndaşları prosesdən kənarda qalır. Orda özəlləşmənin gedişi barədə statistika da yoxdur.
Bu, özəlləşdirmə sahəsində Azərbaycanda artıq dərin korrupsiyanın varlığından xəbər verir. Səbəb isə aydındır: özəlləşdirmə ölkədə faktiki olaraq bir çox iri məmurlar üçün dövlət əmlakını özününküləşdirmə vasitəsinə çevrilib. Onlar qeyri-şəffaf, nəticələri şübhəli, əvvəlcədən bəlli, formal hərraclar vasitəsilə dövlət əmlakını faktiki olaraq özlərinə və yaxınlarına məxsus şirkətlərin nəzarətinə keçirir.
Yəni əslində Azərbaycanda özəlləşdirməyə nəzarət var - amma bu, əsla dövlət və ictimai nəzarət deyil. Bu, de-fakto iri məmur nəzarətidir.
Ona görə də baş nazir Artur Rəsizadənin həm də Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyasının sədri olduğunu, onun əsasnaməsini hazırlayıb, ölkə başçısına təqdim edərək təsdiqlətdirib işə başlamasını təmin etməsini unutması anlaşılandır. Hökumət rəhbəri faktiki olaraq, bəzi iri məmurların təzyiqi nəticəsində belə bir komissiyanı «yaddan çıxarıb». Ki, müəyyən oliqarxlar özəlləşdirmə prosesini öz istədikləri kimi istiqamətləndirsinlər.
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40