"Azərbaycan Ordusu Laçın şəhərinin mərkəzində Azərbaycan bayrağını ucaldıb. Artıq şəhərin mərkəzindən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə də məruzə olunub. Budan böyük sevinc, qürur ola bilməz. Bu, Azərbaycan Prezidentinin, Ali Baş Komandanın və Ordumuzun növbəti qələbəsidir".
Bu fikirləri "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib. O bildirib ki, 44 günlük Vətən Müharibəsinin Azərbaycanın qələbəsi ilə nəticələnməsindən sonra Laçının tamamilə Azərbaycan Ordusunun nəzarətinə keçməsi, şəhərin mərkəzində bayrağımızın dalğalanması mühüm hadisədir:
"Məlum olduğu kimi, ermənilər bizim doğma yurdumuzdan, əzəli və əbədi torpaqlarımızdan çıxmaq istəmirdilər. Azərbaycan Ordusunun gücü, Ali Baş Komandanın iradəsi və doğru zamanda doğru qərarlar verməsi ermənilərin növbəti dəfə məğlubiyyətə düçar olması ilə nəticələndi. Azərbaycan hər zamankı kimi qüdrətli bir dövlət kimi davrandı, onlara vaxt verdi. Amma ermənilər hər zaman olduğu kimi nə qədər cılız, vəhşi olduqlarını nümayiş etdirdilər. Buna baxmayaraq, Azərbaycan qalib kimi öz istəyini diktə etdi. Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan. Bu paylaşım bütün Azərbaycan xalqı tərəfindən sevinclə, böyük qürurla, şərəflə qarşılandı. Bütün Azərbaycan bu paylaşımı qələbə sevinci kimi qəbul edir. Azərbaycan Ordusunun Laçına yerləşməsi növbəti qələbədir, tarixi hadisədir. Biz Laçınlılar da, bu sevinci bizə yaşatdığına görə, cənab Ali Baş Komandana, Ordumuza minnətdarıq. Qarabağ Azərbaycandır!”.
Gülayə Mecid