Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Osakücə ilə Tatoba kəndlərini birləşdirən, habelə Osakücə kənd qəbiristanlığına gedən yol üzərində yenidən inşa edilən körpünün açılış mərasimində iştirak edib.
"Unikal" xəbər verir ki, icra başçısı öncə Osakücə şəhidlərinin xatirəsinə inşa olunan abidə kompleksi ziyarət edib, önünə tər çiçəklər düzüb, şəhidlərimizə olan hörmət və ehtiramını bildirib. Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə giriş nitqi ilə çıxış edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov yol, eləcə də körpü tikintisinin nəcib və xeyirxah əməl olmasından danışıb. İcra başçısı yerli sakinlər üçün mühüm əhəmiyyət daşıyan körpünün tikintisində əməyi və zəhməti olanlara minnətdarlığını bildirib. Ümummilli Lider Heydər Əliyevin "Yol-iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir" fikrini xatırladan Taleh Qaraşov qeyd edib ki, iki kəndi, eləcə də kənd qəbiristanlığına gedən yolu birləşdirən müasir standartlar səviyyəsində inşa edilən mühəndis qurğusu yerli insanların həyatını daha da asanlaşdıracaq və rahat gediş-gəlişini təmin edəcək. Çıxışlardan sonra Taleh Qaraşov şəhid valideynləri və körpünün tikintisinə dəstək göstərən yerli xeyriyyəçi ilə birgə körpünün açılış lentini kəsib. Daha sonra kənd qəbiristanlığındakı şəhid məzarları ziyarət olunub, qəbirləri üzərinə tər çiçəklər düzülüb və ruhlarına dualar edilib.